"Sistemdəki hüquqi boşluqların yükü şagirdlərin üzərindədir" — Ekspert

SOSİAL 04 dekabr 2024, 16:33
"Şagirdlərə ev tapşırıqlarının verilməsi Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 saylı qərarı ilə tənzimlənir. Həmin qərara əsasən 1-ci sinif şagirdlərinə ilk yarım ildə ev tapşırığı verilə bilməz. İkinci yarım ildə ev tapşırığı saatı 1 saatı keçməməlidir. Bu limitin 2-3-cü siniflərdə 1 saat 30 dəqiqə, 4-cü sinif üçün 2 saat, 5-6-cı siniflər üçün 2 saat 30 dəqiqə, 7-8-ci siniflərdə 3 saat, 9-11- ci siniflərdə isə bütün ev tapşırıqları üçün 4 saatı keçəməməsi nəzərdə tutulub".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. 

"Təəssüf ki, bizdə 11 illik təhsil müddətində verilən ev tapşırıqları şagirdlərin gününün yarısından çoxunu alır. Repetitor yanına gedən şagirdlərdə bu yük daha da artır. Bu da şagirdlərə psixoloji və fizioloji baxımdan təsir edir. Müəllimlərimizin əksəriyyəti pedoqogikanı anlamır. Verdikləri tapşırıq yükünün uşağa təsirini nəzərə almırlar. Nəticədə böyük bir nəsil əsəbi, dözümsüz, yüklənmiş, yorğun psixologiya ilə yetişir. Uduzan yenə xalqımızdır". 

Ekspert bildirib ki, Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara hökmən əməl olunmalıdır:

"Hüquqi sistemdə iyerarxiya nərdivanı var. Hansısa qanunun maddəsi konsititusiyaya zidd ola bilməz. Prezidentin verdiyi qərarlar qanuna zidd ola bilməz. Nazirlər Kabinetinin qərarı Prezidentin qərarına və qanunlara zidd ola bilməz. O cümlədən Təhsil Nazirliyinin qərarı da Nazirlər Kabinetinə və qanunlara zidd ola bilməz. 

Hansısa nazirlik Nazirlər Kabinetindən tapşırıq alır. Məsələn, Elm və Təhsil Nazirliyinin verdiyi əmrə əsasən aparat təlimat məktubları hazırlamalıdır. 

Təəssüf ki, bizdə məsələlər bir çox hallarda Prezident Sərəncamı səviyyəsində qalır. Elm və Təhsil Nazirliyi verilən əmrlərin həyata keçirilməsinə dair işlər görmür. Hüquqi cəhətdən hər şey boşluq üzərindədir. Nəticədə bütün sistemin yükü  şagirdlərin üzərinə düşür". 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top