Qaz təchizatı ilə bağlı peşəkar briqadalar olmalıdır — Dəm qazı can alır

GÜNDƏM 02 dekabr 2024, 19:10
 “Qaz təchizatına istehlakçılar cavabdehdirlər. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qaz təchizatçısı yalnız sayğaca qədər məsuliyyət daşıyır. Qaz, istilik həyat üçün vacibdir, lakin unutmaq olmaz ki, bu, evlərimizə girmiş əcəldir və hər an bizi yaxalaya bilər”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, qazdan düzgün istifadə etmək lazımdır və bunun üçün istifadə və təhlükəsizlik qaydalarını bilmək vacibdir:

“Qazdan düzgün istifadə etmədikdə sızma baş verə və ölümlə nəticələnə bilər. Dəm qazından boğulma halları, adətən, qazla təchiz edilməyən rayonlarda yaşayan, evində qaz istifadə etməyən insanların başına gəlir. Xüsusilə,  rayonlardan gəlib şəhərdə kirayə yaşayan insanların yaşadığı evdə, mənzildə qaz sızması halları baş verir. Təəssüf ki, ən çox da qış fəslində, soyuq hallarda dəm qazından ölüm halları baş verir. Müşahidələrə əsasən, daha çox həyət evində yaşayanlar evlərini qazlaşdırmaq üçün qeyri-peşəkar şəxslərə müraciət edirlər. Mütəxəssis olmayan insanların qaz təchizatı ilə məşğul olması qaz sızmalarına zəmin yaradır. Çünki bu zaman standartlar gözlənilmir. Müəyyən peşəkar briqadalar olmalıdır ki, əhali qaz təchizatı ilə bağlı onların xidmətindən istifadə etsin”.
 
Ekspert onu da söyləyib ki, qaz sızması və dəm qazından boğulma halları daha çox hamam otaqlarında yaşanır:

“Bəzi insanlar evi qızdırmaq üçün qazı açıq qoyurlar, saatlarla yanan qaz nəticədə boğulmaya səbəb olur. Küləkli havada daha diqqətli olmaq lazımdır qazla bağlı. Əhali bilməlidir ki, kənara çıxan qaz və kombi boruları küləyə qarşı olarsa, hər an boğulma baş verə bilər. Bəzən qaz peçlərinin yararsız olduğunu deyir, səbəbi qaz avadanlığında görürlər. Lakin bilinənin əksinə olaraq İrandan gələn qaz peçləri istehsal olunduğu ölkədə standartlara uyğundur. Səbəb Azərbaycan qazının təzyiqi ilə düzgün gəlməməsidir. Qaz peçinin dəliyini genişləndirirlər, bu zaman da standart pozulur və bədbəxt hadisələr baş verir. Qazı heç vaxt açıq qoyub yatmaq, evi tərk etmək olmaz. Bunlar bəsit təhlükəsizlik qaydalarıdır, lakin çox vaxt insanlar laqeyd yanaşırlar. Yanan qazdan, plitələrdən evi isitmək üçün istifadə etmək də düzgün deyil. Havanın dövr etməsi üçün hamam otağının qapısında mütləq deşiklər olmalıdır. Çölə çıxışı olmayan yerdə, bacası, havalandırması olmayan yerdə qazdan istifadə etmək düzgün deyil.  

Qaz işçiləri bu ildən evlərdə monitorinq aparırlar. Bu, müsbət haldır, düşünürəm ki, faydalı olacaq və əhali qazdan istifadə ilə bağlı daha çox maariflənəcək”.

Qeyd edək ki, bir neçə gün öncə Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölüb. Hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü Mehriban Nizami qızı İsmayılovanın dəm qazından boğularaq öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top