QİÇS-lə bağlı bütün dünyada intensiv işlər gedir — Vaksin yaradılır

SOSİAL 27 noyabr 2024, 17:16
2030-cu ilə qədər QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) xəstəliyi artıq ictimai sağlamlıq üçün təhlükə törədən xəstəliklər sırasında olmayacaq. Birləşmiş Millətlər Təşkilatının İİV/AİDS üzrə Birgə Proqramının bəyanatında deyilir ki, dünya 2030-cu ilə qədər QİÇS-in ictimai sağlamlığa qarşı təhlükəsinin aradan qaldırılmasına nail ola bilər. İİV daşıyıcısı olan və risk altındakı bütün insanların hüquqlarının qorunmalı olduğu bildirilir. UNAIDS-in məlumatına görə, hazırda dünyada İİV diaqnozu qoyulmuş 39,9 milyon insan var. Onlardan 9,3 milyonunun hələ də müalicə almaq imkanı yoxdur. Təşkilat onu da xatırladıb ki, 2021-ci ildə ölkələr İİV xidmətlərinə qoyulan məhdudiyyətlərin sayını azaltmağı öhdəsinə götürüb.

Tanınmış həkim professor Adil Qeybulla bəyanatda qeyd olunanların reallaşmasını mümkün hesab edir. 

O, Demokrat.az-a açıqlamasında “görünməz” xəstəliyin mənşəyini də qeyd edib: 

“QİÇS xəstəliyini törədən İİV, yəni insanın immum çatışmazlığı virusunun yaşlı meymunlardan insanlara keçdiyi düşünülür. Yəni bu, zoonotropik virusdur. Hazırda bu xəstəliyin bir neçə forması var, Yer kürəsində xeyli sayda insan bu xəstəliyin daşıyıcısıdır. Bu xəstəlik orqanizmin immum sistemini zədələyir. Yoluxan şəxslər yoxlanana qədər ilk vaxtlar bunu hiss etmirlər. Amma bir müddət sonra immun sistemində təlatümlər özünü göstərir”. 

A.Qeybulla deyib ki, dünyada QİÇS-lə bağlı hazırda çox intensiv işlər gedir: 

“Vaksin hazırlanması, həm də virusun bütövlükdə sağaldılması ilə bağlı müalicələr işlənir. Necə ki hepatit C virusunun artıq demək olar ki, bir neçə serotipi müalicə olunur. 2030-cu ilə kimi QİÇS-in vaksini yaradıla bilər”. 

A.Qeybulla insanların xəstəliyə görə diskriminasiya olunmasının qəbuledilməz olduğunu söyləyib:

“Virus xəstəlikləri çoxdur – vərəm, hepatit, koronavirus. İnsanların xəstəliyə görə ayrıseçkiliyə məruz qoyulması, hüquqlarının tapdanması Helsinki Deklarasiyasının müddəalarına ziddir. Düşünürəm ki, BMT-nin bəyanatında əksini tapan məsələ günümüz üçün çox aktualdır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top