Uşaqları qış xəstəliklərindən necə qoruyaq?

SOSİAL 14 noyabr 2024, 13:02
Soyuq havalarda qapalı məkanlarda (məktəblər, körpələr evi, ticarət mərkəzləri) vaxtın artması respirator virusların və digər infeksiyaların insandan insana asanlıqla keçməsinə səbəb olur. Mütəxəssislə deyir ki, soyuq və quru hava burunun selikli qişasını və tənəffüs yollarında digər müdafiə maneələrini zəiflədə bilər. 

Demokrat.az
xəbər verir ki, türk həkim, Dr. Hüseyn Yıldız soyuq havanın uşaqların immunitetini aşağı sala biləcəyinə də diqqət çəkib.

Uşaqlar qışda daha tez-tez xəstələnirlər, çünki onların immun sistemi böyüklərdən daha zəifdir. Mütəxəssis qeyd edib ki, uşaqlarda xüsusilə qış aylarında yuxarı tənəffüs yolları infeksiyalarına tez-tez rast gəlinsə də, aşağı tənəffüs yolu infeksiyalarının da tezliyi artır. 

"Uşaqlarda xüsusilə qış mövsümündə soyuqdəymə, qrip, orta qulaq iltihabı, faringit, tonzillit, krup kimi yuxarı tənəffüs yolu infeksiyaları ilə bronxit, bronxiolit və sətəlcəm aşağı tənəffüs yollarının infeksiyaları da tez-tez müşahidə edilir", deyə Hüseyn Yıldız bildirib.

Mütəxəssis xüsusilə qış mövsümündə tez-tez rast gəlinən soyuqdəymə və qripin əlamətlərinin bir-birinə çox bənzədiyini bildirib. Hüseyn Yıldız bir uşağın ildə 7-8 dəfə soyuqdəymə ola biləcəyini bildirib. Soyuqdəyməyə 200-ə yaxın virusun səbəb olduğunu qeyd edən Hüseyn Yıldız ən çox rast gəlinən törədicilərin rinoviruslar olduğunu deyib: "Soyuqdəymə zamanı virusla təmasdan 3-4 gün sonra boğaz ağrısı, burun axması, burun tıkanıklığı, baş ağrısı, iştahsızlıq, narahatlıq, bəzən nəfəs darlığı və yüngül qızdırma kimi əlamətlər müşahidə olunsa da, əksər simptomlar adətən 1 həftə ərzində keçsə də, öskürək bəzən 2 həftəyə qədər davam edə bilər".

Mütəxəssis bildirib ki, soyuqdəymələrin müalicəsində antibiotiklərin yeri yoxdur: "Xəstənin dincəlməsi, bol maye qəbul etməsi, ətrafın rütubətini yaxşı tənzimləməsi və sağlam, balanslı qidalanması tövsiyə edilir. Bundan əlavə, qızdırma varsa, qızdırma salan dərmanlarla nəzarət altına alınmalıdır".

Uşaqlarda rast gəlinən digər qış xəstəliyinin qrip olduğunu ifadə edən Hüseyn Yıldız buna qrip virusunun səbəb olduğunu bildirib. Mütəxəssis qeyd edib ki, qripin müalicəsində antibiotiklərdən istifadə edilmir: "Qrip adətən qızdırma ilə birlikdə yüngül üst tənəffüs yolu infeksiyası kimi başlayıb bitsə də, bəzən həyati təhlükəsi olan bir xəstəliyə çevrilə bilər. Yüksək hərarət, burun axması, boğaz ağrısı, öskürək, əzələ və oynaqlarda ağrılar, qarın ağrısı, gözlərdə qızartı, ürəkbulanma, qusma və bəzən ishal meydana gələ bilər. Xəstənin istirahət etməsi, qidalanmasına fikir verməsi, bol maye qəbul etməsi tövsiyə olunur. Ağrı və qızdırma varsa, ağrıkəsicilər və qızdırmasalıcı dərmanlardan istifadə edilməlidir. Bəzən xəstəliyin ilkin mərhələsində istifadə edilən antiviral dərmanlar xəstəliyin yüngül keçməsində faydalı ola bilər".

Xəstəlik başlamadan əvvəl tədbir görülməsinin lazım olduğunu bildirən Hüseyn Yıldız uşaqları qış xəstəliklərindən qorumaq üçün edilməsi lazım olanları belə sıralayıb: "Körpələr mümkün qədər ana südü ilə qidalanmalıdır. Əllərin yuyulmasına diqqət edilməli və tez-tez yuyulmalıdır. Kafi və balanslı qidalanma təmin edilməli və kifayət qədər maye, xüsusilə su qəbul olunmalıdır. C vitamini ilə zəngin olan mövsümi tərəvəz və meyvələr mütəmadi olaraq istehlak edilməlidir. Bədən müqavimətini artırmaq üçün adekvat və müntəzəm yuxu təmin olunmalıdır. Uşaqlar yaşadıqları mühitin istiliyinə uyğun geyindirilməlidir. Parça dəsmallar yerinə kağız dəsmallardan istifadə edilməlidir. Uşaqları alış-veriş mərkəzlərindən və xüsusilə uşaq meydançalarından uzaq tutmaq lazımdır. Məktəbdə sinif otaqları və ev mühiti müntəzəm olaraq havalandırılmalıdır. İstifadə olunan oyuncaqlar və digər materiallar tez-tez təmizlənməlidir. Siqaret çəkilən mühitlərdən və çirkli havadan uzaq durun".

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top