"Ata məcbur qalıb dövlətə həmin məbləği ödəyəcək..." — Uşaq hüquqlarının təmin edilməsi vacibdir

GÜNDƏM 19 oktyabr 2024, 20:52
 Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili – ombudsman Səbinə Əliyeva 20 oktyabr – 20 noyabr tarixini “Uşaq Hüquqları Aylığı” elan edib. “Uşaq Hüquqları Aylığı”nın elan edilməsi Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbulunun 35 illiyi ilə bağlıdır. Bu əlamətdar tarixlə əlaqədar ombudsmanın bəyanatında bildirilir ki, uşaqlar gələcəyimizi təcəssüm etdirən ən dəyərli sərvətimizdir. Uşaq hüquqlarının müdafiəsi və təbliği uşaqların inkişafı, rifahı, onların müxtəlif zərərlərdən qorunması baxımından mühüm əhəmiyyətə malikdir. 1989-cu ilin 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya hər bir uşağın sahib olduğu hüquqları və iştirakçı dövlətlərin öhdəliklərini təsbit edən, uşaqların xüsusi müdafiəyə ehtiyacı olduğunu vurğulayan beynəlxalq sənəddir. Dünya dövlətləri tərəfindən insan hüquqları sahəsində ən çox ratifikasiya olunmuş bu beynəlxalq müqavilə ayrı-seçkiliyin yolverilməzliyi, uşaqların mənafelərinin üstünlüyü, yaşamaq və inkişaf etmək hüququnun təmini, uşaqların fikirlərinə hörmətlə yanaşılması kimi mühüm prinsipləri özündə ehtiva edir. “Uşaq hüquqları haqqında” Konvensiyanı ratifikasiya edən dövlətlərdən biri kimi Azərbaycanda ötən dövr ərzində uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş genişmiqyaslı islahatlar nəticəsində milli qanunvericilik müasir dövrün tələblərinə uyğun təkmilləşdirilib,  dövlət proqramları, strategiyalar və digər əhəmiyyətli sənədlər qəbul edilib, institusional mexanizmlər yaradılıb, bir sıra mühüm nailiyyətlər əldə edilib. Uşaq hüquqlarının müdafiəsi və təbliği Ombudsmanın fəaliyyətində mühüm yer tutur və bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir. Uşaq hüquqları sahəsində əsas beynəlxalq sənəd olan “Uşaq hüquqları haqqında” Konvensiyanın  qəbul edilməsinin 35-ci ildönümü ilə əlaqədar Ombudsman tərəfindən hər il olduğu kimi bu il də 20 oktyabr – 20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilib. Bəyanatda qeyd edilir ki, artıq ənənə halını almış “Uşaq Hüquqları Aylığı” uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyətin gücləndirilməsi, uşaqlara diqqət və qayğının təşviqi, bu sahədə məlumatlılığın artırılması məqsədlərinə xidmət edir. “Ötən illərin təcrübəsi göstərir ki, aylıq aidiyyəti dövlət və yerli özünüidarəetmə qurumları, vətəndaş cəmiyyəti institutları arasında geniş maraq doğurur və bu istiqamətdə görülən tədbirlərin miqyası getdikcə artmaqdadır. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini və noyabr ayında ölkəmizin mötəbər tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini nəzərə alaraq, iqlim dəyişmələri və onun fəsadlarından təsirlənən əhali qrupu kimi uşaqların hüquqlarının müdafiəsi, onların bu istiqamətdə məlumatlandırılması, müzakirələrdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Təəssüf hissi ilə bildirmək istərdim ki, Ermənistanın uzun müddət işğal altında saxladığı ərazilərimizdə törətdiyi ekoloji cinayətlər, eləcə də basdırdığı minalar uşaqlar da daxil olmaqla mülki əhalinin həyat və sağlamlığına, onların təhlükəsiz geri qayıdışına ciddi əngəl törətməkdədir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir ki, onlardan 358-ni uşaqlar təşkil etmişdir. Hesab edirəm ki, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən bu istiqamətdə qətiyyətli addımlar atılmalı və Ermənistanın mina terroruna son qoyulmalıdır. Cəmiyyətin həssas təbəqəsi kimi uşaqların ehtiyaclarının hərtərəfli təmini, onların daim diqqət mərkəzində saxlanılması, ahəngdar inkişafı, layiqli şəxsiyyət kimi yetişməsi hər bir dövlət, eləcə də mütərəqqi cəmiyyətlər üçün olduqca vacib amillərdəndir. Qeyd edilənləri nəzərə alaraq, dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti qurumları “Uşaq Hüquqları Aylığı”na fəal şəkildə qoşulmağa dəvət edir, uşaq hüquqlarının müdafiəsi və təbliği istiqamətində müvafiq tədbirlər həyata keçirməklə təşəbbüsümüzə dəstək verməyə çağırıram. Ümidvarıq ki, aylıq çərçivəsində uşaqları da fəal şəkildə cəlb etməklə keçiriləcək tədbirlər uşaq hüquqlarının müdafiəsinə diqqəti daha da artıracaq, hüquq və azadlıqların daha səmərəli müdafiəsini təmin edəcəkdir”.



“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva Demokrat.az-a açıqlamasında deyib ki, uşaq hüquqları insan hüquqlarının bir hissəsidir. Əsasən uşaq hüquqları ilə əlaqədar biz 30 ildən artıqdır ki, beynəlxalq konvensiyalara qoşulmuşuq. Bundan  əlavə Azərbaycanda da uşaq hüquqları ilə bağlı qanunvercilik var və bu qanunvericilik uşaq hüquqlarının tam olaraq qorunması istiqamətində münbit şərait yaradır. Uşaq hüquqlarından danışırıqsa, biz burada uşaqların sosial, hüquqi təminatı məsələsini ortaya qoymuş oluruq. Uşaq hüquqları ilə bağlı ölkədə bir sıra işlər həyata keçirlir. İstər Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən.  Uşaqların təhsil alması, karyera qurması, işlə təmin olunması vacibdir. Əsas məqsəd ondan ibarətdir ki, qızlarımız da, oğlan uşaqlarımız da savadlı, təhsilli olsunlar. Bunun üçün dövlət tərəfindən bir sıra layihələr, proqramlar reallaşdırılır, işlər görülür". 

Zenfira Mustafayeva bəzi çatışmazlıqların olduğunu da qeyd edib:



"Həm uşaqların təhsil almasına, həm də fiziki inkişaflarına, həm də gələcəkdə özlərinə şərait yaratmalarına, həyatda müstəqil addım atmalarına mənfi təsir göstərir. Bu, ailənin sosial təminatı məsələsidir. Problemli ailələr var, maddi baxımdan imkansız ailələr, çoxuşaqlı ailələr var ki, onların sosial təminatı gücləndirilməlidir. Tənha anaların sosial təminatı vacib məsələdir. Onlara övladını normal şərtlər daxilində böyüdə bilməsi üçün şərait yaradılmalıdır. Tənha anaların işlə təminatı, iş gününün qısaldılmış olması lazımdır ki, tənha ana evdə uşaqları ilə məşğul ola bilsin. Uşaq pulu məsələsi də ciddi məsələlərdən biridir. Uşaq pulunun verilməməsi ailələrdə uşaqların təminatına mənfi təsir göstərir, uşaqların  normal inkişafına da mənfi təsirini göstərir. Yaxşı olardı ki, bu məsələ gündəmdə olsun və dövlət bu məsələnin həllinə nail olsun. Yeni doğulanlara, həmçinin müəyyən yaş həddinədək uşaqlara uşaq pulunun ödənməsi həm onların sosial təminatını yaxşılaşdırar, həm də gələcəkləri üçün maddi təminat olardı". 

Ekspertin sözlərinə görə, boşanmış xanımlara uşaqlara görə aliment təyin olunsa da, bir sıra hallarda alimentin ödənilməsində çətinlik yaranır:

"Atalar imtina edir aliment ödəməkdən, boyun qaçırırlar. Nəticədə ailədəki uşaqlar da təminatsız qalır. Yaxşı olar ki, Aliment Fondunun yaradılması qısa zamanda reallaşdırılsın, bu məsələ uzun müddətdir müzakirə edilir, lakin bir nəticə yoxdur . Boşanmış xanımlar uşaqlara ödənməli olan alimenti Aliment Fondundan alar, ata isə sonra məcbur qalıb dövlətə həmin məbləği ödəyəcək". 

QHT sədri uşaqlarımızın sağlam inkişafı üçün müəyyən şəraitin yaradılmasının vacib olduğunu deyib:

"Böyük şəhərlərdə müəyyən şərait var. Oyun meydançaları, idman zalları fəaliyyət göstərir. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bölgələrdə o qədər də münbit şərait yoxdur. Dərsdən sonra yorğunluğu aradan qaldırmaq, fiziki inkişafları üçün bunlar olmalıdır. Bəzən dilənən, məktəbdən yayınan, zərərli vərdişlərə qurşanan uşaqlarla rastlaşırıq.  Analiz apardıqda məlum olur ki, əksəriyyəti məişət zorakılığına məruz qalmış, problemli, aztəminatlı ailələrin uşaqlarıdır. Necə olur ki bu uşaqlar nəzarətsiz qalır, sığınacaqlara yerləşdirilir? Əlbəttə, dövlət sığınacaqları, qeyri-hökumət təşkilatlarının sığınacaqları var. Orada qalırlar, sosial cəhətdən təmin olunurlar. Lakin hər bir uşaq, təbii ki ailədə böyüməlidir və bunun üçün səylərimizi gücləndirməliyik. Valideyni olmayan uşaqlar dövlət müəssisələrini tərk etdikdən sonra nəzarətsiz qalmamalıdır. Mənzillə, işlə təmin edilən belə yeniyetmələr var. Lakin çalışılmalıdır ki, bu kateqoriyaya aid uşaqların hamısı sosial cəhətdən təminatlı olsunlar, nəzarətdən kənar qalmasınlar. Bunun üçün də müəyyən sosial layihələr həyata keçirilməlidir".

Törə Zeynallı
Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə insan hüquqları və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi fəallığının artırılması istiqamətində hazırlanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top