"Sığorta şirkətləri korrupsiya sövdələşmələrindən qaçmalıdırlar"

İQTİSADİYYAT 17 okt 2019, 21:19

Xəbər verdiyimiz kimi 2020-ci il yanvarın 1-dən evlərin məcburi sığortası həyata keçiriləcək. Evlərini sığortalamayan vətəndaşlar isə cərimələnəcək. 

 

Moderator.az-a açıqlamasında hüquqşunas  Əliməmməd Nuriyev vətəndaşların evlərinin sığorta edilməsinin onlar üçün faydalı və vacib olduğunu bildirdi:

 

“Əslində evlərin sığorta edilməsi bir neçə ildir ki, qanuna daxil edilib. Sadəcə olaraq bu tətbiq olunmur. Söhbət məcburi sığortadan gedir. Biz tez-tez mənzillərimizdə müxtəlif problemlərlə rastlaşırıq. Ya qonşu tərəfindən mənzilə ziyan dəyir, bəzən də yanğın olur. Bütün bu hadisələrlə bağlı məsələlərdə sığorta olmadığı üçün mənzil sahibi çox çətin bir vəziyyətə düşür. Əgər vətəndaş evini sığortalasa, faydasını da görər. Qanunvericilikdə sığorta şirkətinin 25 min manat məbləğinə qədər dəymiş ziyanı ödəmək imkanı var. Bunun ancaq vətəndaşa xeyri var. O qədər yerlərə pul xərcləyirik, amma ildə bir dəfə sığorta ödənişi etməyimiz evimizin təminatı deməkdir. Ona görə də biz çalışmalıyıq ki, evlərimizi sığorta edək. 

 

Qaldı ki, Azərbaycanda sığorta bazarı o qədər də böyük deyil və burda təklif edilən sığorta şərtlərinin sayı da azdır. Bizim sığorta şirkətlərimiz o qədər yanlışlıqlara yol veriblər, sövdələşmələrə gediblər ki, ona görə də vətəndaşlarımızın onlara etibad və inamı yoxdur. Amma bu sığorta bazarı dünyanın hər yerində çox əhəmiyyətli bir bazardı və vətəndaşların əmlaklarının qorunmasının əsas qarantlarından biri kimi çıxış edir. Bu baxımdan təbii ki, sığorta şirkətlərinin borcu odur ki, bunu təbliğ etsinlər. Çünki onlar bu sahədən böyük gəlir əldə edirlər. Bizdə keyfiyyətli sığorta xidmətləri yoxdur və buna görə problem yaşayırıq. Ona görə də yanğın və digər hadisələr zamanı dövlət məcburdu ki, vətəndaşı köməksiz qoymasın. Amma bu məsələlərlə bağlı dövlətin üstünə çox yük qoymaq olmaz. Bunun üçün sığorta şirkətləri korrupsiya sövdələşmələrindən qaçmalıdırlar. Onlar öz fəaliyyətlərini daha yaxşı qurmalı, vətəndaşlara göstərilən xidmətin keyfiyyətini artırmalıdırlar”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top