“Əsas diaqnozu qoyub, yanaşı xəstəliklə əlilliyimdən imtina verdilər” — FOTOLAR

SOSİAL 28 sentyabr 2024, 11:48

“Əlillik təyinatı ilə bağlı bu il iyulun 8-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyində müayinədə olmuşam. Özümlə bütün stasionar və ambulator müalicə, müayinə sənədlərimi götürsəm də, məni qəbul edən ekspert Samirə Fərzəliyeva bu sənədlərə məhəl qoymadan məni göz, ayaq dopleri və spidometriya müayinəsinə göndərib. Nəticədə əsas diaqnozu deyil, yanaşı xəstəliyi əsas diaqnoz götürərək mənə imtina verilib”.

Bu iddia ilə “Qafqazinfo”ya vətəndaş Həsənov Məzahir Abasxan oğlu müraciət edib. 

M.Həsənovun sözlərinə görə, ona 2016-2021 və 2023-2024-cü illər ərzində müvafiq olaraq 2-ci və 3-cü qrup əlillik təyinatları aparılıb. 2016-2021-ci illər üçün əlillik müddəti 5 il, 2023-2024-cü illər üçün 1 il müəyyən edilib. Sonuncu əlillik təyinatının müddəti bu il 30 iyun tarixində başa çatıb. Təkrar müayinə üçün Bakıda 34 saylı poliklinikada bir il ərzində stasionar müalicə və ambulator müayinələr, həkim diaqnozları, analiz nəticələri əsasında çıxarılan 88 saylı forma Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə göndərilib. 

Şikayətçi deyir ki, iyulun 5-də 1 saylı TSEK-də komissiya sədri və əməkdaşları tərəfindən baxışda olub, xəstəliyini təsdiq edən sənədlər əhatəli şəkildə araşdırılıb, ona xəstəliyinin olduğunu, sənədlərinin əlillik təyinatına imkan verdiyi söylənilib və bunun əsasında aktlaşdırma işləri həyata keçirilərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə göndərilib: “Bu il sentyabrın 4-də müraciətlərimə baxılmaq üçün Agentlk rəhbərliyinin qəbuluna dəvət edildim. İlkin olaraq məni Samirə Fərzəliyevanın qəbuluna yönəltdilər. Mən bu xanımın xidmətindən imtina etmək qərarına gəldim. Çünki onun  qanunsuzluğuna don geydirəcəyinə əmin idim. Samirə Fərzəliyeva ilə təkrar qarşılaşanda ona nədən mənim əsas diaqnozumu deyil, yanaşı diaqnozu əsas götürməsi ilə bağlı sual verdim. Cavabı “Sən kimsən, məndən hesab sorursan?” oldu. Mənə dedi ki, “nə istəyirsən onu elə, mənə nə edə bilərsən?!”

M.Həsənov Samirə Fərzəliyevanın qəbulundan imtina etdiyi üçün onu Qulam Rzayev adlı həkimə yönəldiblər: “Bu həkim də yalnız  bir sənədimə gözucu baxaraq spidometriya müayinəsinə göndərdi. Halbuki bu ekspert rəhbərlik qəbulunda həkimim kimi iştirak etməli, mənim bütün diaqnoz və sənədlərimlə tanış olmalı idi”.

O, daha sonra vətəndaş qəbulunda Agentliyin sədr müavini Ramin Rzayevlə onlayn görüşüb: “Məni çox diqqətlə dinlədi, əmin etdi ki, lazımı köməklik göstəriləcək. Mən çıxdığım üçün ekspertin Ramin müəllimə nə məruzə etdiyindən xəbərdar olmadım. Çünki qəbulun nəticəsini mənə ekspert bildirməli idi”.

M.Həsənov düşünür ki, ekspert birbaşa Samirə Fərzəliyevanın əyləşdiyi mərtəbəyə qalxaraq bu haqda onu məlumatlandırıb.

Sadalanan ittihamlarla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, Bakı sakini Həsənov Məzahir Abasxan oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişi əsasında bu il iyulun 5-də  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən əyani müayinə edilib: “Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilib. 

Qanunvericilik barədə vətəndaşın özünə də müvafiq izahatlar verilib”.

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top