“Pul siyasətinə bağlı olaraq qərarlar dəyişə bilər” — Mərkəzi Bank dollar satışına başlayır?

İQTİSADİYYAT 26 sentyabr 2024, 17:30
Mərkəzi Bank dollar satışına başlaya bilər. Qurumun faiz dəhlizinin parametrləri haqqında qərarında deyilir ki, 2024-cü ilin yanvar-avqust aylarında valyutaya tələbatın artması hərraclar vasitəsilə tam təmin edilib. İlin qalan dövründə dövlət layihələrinin icrası ilə bağlı xarici valyutaya tələbin ödənilməsinə dəstək məqsədilə Mərkəzi Bankın bazara müdaxiləsi istisna olunmur. Bu əməliyyatlar Mərkəzi Bankın 2022-2023-cü illərdə valyuta bazarından aldığı 4,2 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılacaq.

İqtisadçı ekspert Günay Hüseynova Demokrat.az-a açıqlamasında deyib ki, pul siyasətinə bağlı olaraq qərarlar dəyişə bilər. G.Hüseynovanın sözlərinə görə Mərkəzi Bankın  əsas makroiqtisadi göstəricilərlə bağlı proqnozu oktyabr ayının sonlarına doğru açıqlanacaq:

“Mərkəzi Bankın statistik açıqlamalarına əsasən tədiyə balansının cari əməliyyatlar hesabında 2024-cü ilin ilk 6 ayında 2,6 milyard ABŞ dolları və ya ümumdaxili məhsulun 7,5%-i səviyyəsində profisit olub. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin ilk 8 ayında 5,5 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Strateji valyuta ehtiyatlarımız cari dönəmin 8 ayında 6,1% artaraq 72,6 milyard ABŞ dollarına çatıb. Həmin 8 ayda dövlətin valyuta xərclərindəki artım, həmçinin,  yerli müəssisələrin ticarət kreditləri üzrə öhdəlikləri də nəzərə alındıqda valyutaya tələbat artdı və bu tələbat Mərkəzi Bank tərəfindən təşkil olunmuş hərrac vasitəsilə qarşılandı. Bildiyimiz kimi, cari dönəmdə dövlətin xarici valyutada artan xərcləri var və bu xərclər də müəyyən vaxta qədər davam edəcək. COP29 və digər dövlət xərclərindən dolayı Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur. Lakin qeyd etmək lazımdir ki, bu xərclərə ötən il valyuta bazarına alınmış 4,2 milyard dollar hesabına müdaxilə olunacaq. Ötən illərdə əldə olunan alış yönlü valyuta müdaxiləsi hesabına artan məbləğin bir hissəsini sterilizasiya etməyə imkan olacaqdır. Statistik göstəricilərlə hesablama zamanı xarici ticarət dövriyyəsində 5 milyard 467,66 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə azalma deməkdir”. 
Ekspert bildirib ki, eyni zamanda valyuta axınının azalması və ona olan tələbat böyük sürətlə artmaqdadır:

“Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının Dövlət Neft Fondu ilə birlikdə keçirdiyi valyuta hərraclarında 4 milyard 795,2 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin eyni dövrü ilə qarşılaşdırdıqda 2,1 dəfə çoxdur. Çıxış yolu olaraq müvəqqəti qərar iqtsadiyyatı monetar şəraitdə sərt saxlamaqdır. Növbəti dönəmlərdə inflyasiya təzyiqi baxımından uzun müddət üçün bunu deyə bilmərik. Lakin likvidlilik, kredit portfelinə nəzarət, artan büdcə xərclərini də nəzarə alıb inflyasiyanın hədəf diaqnozunda qalmasına nail ola bilərik. Mərkəzi Bankın ehtiyatlarını bazara çıxarmağında hər hansı bir risk yoxdur. Əhali arasında yaranan manatın devalvasiyası ilə bağlı təşvişə də heç bir əsas yoxdur. Mərkəzi Bankın mandatına uyğundur. Artan pul kütləsinin hesabına satışa çıxarılma ola bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top