Bir ailənin faciəsi: Xədicə komaya necə düşdü? — FOTOLAR

SOSİAL 25 sentyabr 2024, 17:30
Övladı 8 aydır komada olan ana prezidentə müraciət edir: “Onları cəzalandırın”

Bakı sakini Şahnaz Mehdiyeva övladının sağlamlığını 100 faiz itirməsinə, komaya düşməsinə və 8 aydır tibbi cihazlara bağlı yaşamasına görə Bakı Sağlamlıq Mərkəzinin həkimlərini günahlandırır. Ananın "Səs" qəzetinə ünvanladığı müraciətdə bildirilir: “21 fevral 2024 il tarixində, heç bir xroniki xəstəliyi olmayan tam sağlam, 11 yaşlı övladım Babazadə Xədicə Zamin qızını diş müalicəsi üçün Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərən stomatoloq Bəhruz Rüstəmovun yanına aparmışdıq. Uşağın iynə qorxusu olduğu üçün müalicənin sedasiya yolu ilə aparılmasını təklif etdik, biz sedasiyanın 15-20 dəqiqəlik adi yuxu iynəsi olduğunu bilmişik. Stomatoloq da bununla razılaşdı”.

Ana deyir ki, onlara sedasiyanın hansı növündən istifadə olunacağı barədə məlumat da verilməyib: “Həkim müalicə prosesinin neçə saat davam edəcəyini, risk faktorlarını və s. izah etmədi. Həmçinin uşaqda heç bir sedasiyaöncəsi zəruri yoxlamalar aparılmadı, heç bir anamnez toplanılmadı, valideynlərin yazılı razılığını almadan narkoz tətbiq edildi. Tətbiq edilən zaman biz yanında olmamışıq, klinikanın qaydalarına görə bizim kabinetdə deyil, dəhlizdə gözləməyimizi xahiş etdilər”.

Şahnaz Mehdiyevanın sözlərinə görə, onlar gözləmə zalına çıxdıqdan sonra 11 yaşlı Xədicəyə uzunmüddətli sedasiya, yəni ümumi narkoz tətbiq edilib, intubasiya edilməyib və dişini müalicəyə başlayıblar. Qeyd edək ki, intubasiya xəstənin ağ ciyərlərini süni tənəffüs aparatı ilə birləşdirmək üçün nəfəs borusuna xüsusi boru yerləşdirilməsinə deyilir və sözügedən stomatoloqun otağında bu avadanlıq olmayıb.

“Biz övladımızı Bəhruz həkimə əmanət edib çölə çıxmışıq. Daha sonra kabinetə anestezioloq Fərəh Amanova gəldi və onlar içəridə ikisi birlikdə, bizim iştirakımız olmadan qərara gəliblər ki, sedasiya deyil, anesteziya, yəni ümumi narkoz olunsun. Bəhruz həkim ansetezioloq Fərəh Amanovaya deyib ki, proses uzun olacaq, uşaq da iynədən qorxur, ona görə də Fərəh həkim bizə heç bir məlumat vermədən, heç bir anamnez toplamadan uşağa birbaşa ümumi narkoz verib. Anestezioloq müalicə işi başa çatanadək xəstənin yanında dayanmalı, vəziyyətini nəzarətdə saxlamalı idi, qəfil pisləşmə olsa müdaxilə etməli idi. Bəhruz həkim də bir tibb işçisi olaraq anestezioloqdan tələb etməli idi ki, proses boyunca anestezioloq uşağı nəzarətdə saxlasın. Lakin bunu etməyiblər, uşağa narkoz verdikdən sonra Fərəh Amanova kabineti tərk edərək Xədicəni nəzarətsiz qoyub”, – ana deyir.

Ana həmçinin bildirir ki, prosesin başlamasında təxminən 20 dəqiqə sonra stomatoloq Bəhruz Rüstəmov uşağın rənginin göyərdiyini görərək Fərəh Amanovaya məlumat verib: “Fərəh Amanova isə uşağın artıq kliniki ölüm keçirdiyini və etdiyi tibbi müdaxilənin heç bir faydasının olmadığını görüb, klinikanın reanimatoloqu Rauf Paşayevi köməyə çağırıb. Rauf Paşayev isə dərhal elektroşokla uşağın ürək fəaliyyətini bərpa edib. Mən sonradan bilmişəm ki, Fərəh Amanova daha əvvəl Astoriya Tibb Mərkəzində işləyən vaxtda da belə bir səhlənkarlıq törədib. Bunu bizə Prokurorluqda qəbulda olarkən təsadüfən ora qəbula gələn bir vətəndaş danışdı. Sən demə, bu qadın anoloji hadisəni bir neçə il əvvəl də törədib”.

Övladının başına gətirilən faicə ilə bağlı müəmmalı məqamlardan birinin də hadisənin başvermə saatı ilə ona müdaxilə saatı arasındakı boşluğun olduğunu deyən Şahnaz Mehdiyeva bildirir: “Bu hadisə təxminən 12:15 radələrində baş verdiyi halda övladımı saat 12:55 radələrində diş kabinetindən reanimasiyaya aparıblar. Niyə kliniki ölüm keçirmiş xəstəni 45 dəqiqə stomatoloji kabinetdə yubadıblar? Hadisə baş verən kimi mən koridorda huşumu itirmişəm və 4-5 saat sonra gözümü təcili yardımda açdım. Yoldaşım məni təcili yardıma endirib, oradakı həkimlərə tapşırıb və özü dərhal yuxarı, qızımın olduğu diş kabinetinə qaçıb. Amma stomatoloqun kabinetinin qapısı içəridən bağlı olub, onu içəri buraxmayıblar. Yoldaşım təkrar qayıdıb təcili yardım şöbəsinə, məndən məlumat almaq üçün. Yenidən yuxarı qayıdanda artıq uşağı reanimasiyaya apardıqlarını görüb. Bütün bunların hamısının videogörüntüləri var”.

Ailə sonradan mərkəzin təhlükəsizlik kamerasının görüntülərinə baxdıqda görüb ki, hadisə baş verəndən sonra digər həkimlər əllərində tibbi cihazlarla kabinetə daxil olurlar: “45 dəqiqə diş kabinetində uşağa müdaxilə etdikdən sonra uşağı 3-cü mərtəbədəki diş kabinetindən çıxarıb 6-cı mərtəbədə yerləşən reanimasiyaya aparırlar. Bütün bunlara görə hadisə vaxtı övladım uzunmüddətli oksigensiz qaldığı üçün beyin fəaliyyətinin 100/98 % -ni qalıcı olaraq itirib. Hazırda 11 yaşlı övladım Xədicə Babazadəyə Hipoksik-İşemik Ensefolopatiya diaqnozu qoyulub və təməl yaşam funksiyalarını 100 % itirməklə vegetativ durumda yaşayır. 11 yaşlı balam həkim səhlənkarlığı ucbatından aylardır ki, komadadır.”

Ana bildirir ki, hadisədən 8 ay keçməsinə baxmayaraq Nərimanov Rayon Prokurorluğu, başlamış olduğu cinayət işini (AR CM-314.2) məhkəməyə göndərmir: “Səbəb kimi, Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi"nin hadisə haqqında verdiyi ekspert rəyinin, hadisəyə səbəb olmuş məsuliyyətsiz həkimlərin xeyrinə yazılması göstərilir. Bu rəy saxtadır və həkimləri müdafiə məqsədilə verilib. Keçən 8 ay müddətində həm ölkə, həm xarici tibbi mütəxəssislərinin verdiyi açıqlamaya görə, sağlam bir insanın bu cür ağır koma vəziyyətinə düşməyinə səbəb, orqanizmin ən azı 10 dəqiqə və daha çox oksigensiz qalmasıdır”.

Qeyd edək ki, komaya düşəndən sonra Xədicə 4 gün müddətində Bakı Sağlamlıq Mərkəzində saxlanılıb, ailənin bildirdiyinə görə, bu müddət ərzində uşaq düzgün müalicə olunmayıb. 4 gün sonra Xədicə Mərkəzi Klinik Xəstəxanaya köçürülüb, orada ailəyə bildirilib ki, Xədicə oksigensiz qaldığı və ilk 72 saatda olunmalı olan müdaxilənin hec biri olunmadığı üçün beyninin bir hissəsi zədələnib.

Şahnaz Mehdiyeva deyir ki, dəfələrlə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti Ceyhun Allahverdiyevin və birliyin şöbə rəisi Cavid İsmayılovun qəbulunda olublar, lakin bir nəticə əldə edilməyib: “Bizim ailə faciəmizə səbəb olan hadisənin təfərrüatını aydınlaşdırmaqda ya çətinlik çəkirlər, ya da absurd, heç bir əsası olmayan bəhanələrlə bizi ovundururlar. Mart ayından bəri ölkədə və xaricdə həkim, xəstəxana qalmayıb ki, müraciət etməyək. Amma 11 yaşlı övladımın xilası üçün heç nə edə bilmirik. Artıq bir neçə aydır ki, işə gedə bilmirəm, evimizin bir otağını reanimasiyaya çevirib komada olan övladımın keşiyini çəkirəm. Bir valideyn kimi hər gün bu faciə gözlərimin önündə yaşanır və ağrısını hiss edirəm. Müraciət etmədiyimiz dövlət qurumu qalmayıb. Əlimizdən heç nə gəlmir”.

Ana dövlət başçısından kömək istəyir: “Cənab Prezident, mən sizin ədalətinizə güvənirəm, bizə dəstək olun, çıxış yolu göstərin. Bu cinayəti törədənlər cəzasız qaldıqca nə qədər analar gözüyaşlı qala bilər. Bu ölkədə bir ekspertiza ilə bacara bilmirik, saxta rəy verib övladımın qanını batırmağa çalışırlar. Bəs biz kimə müraciət edək, hara üz tutaq? Mən, Mehdiyeva Şahnaz Əkrəm qızı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokurur Kamran Əliyeva, daxili işlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə Əliyevaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, Səhiyyə Naziri Teymur Musayevə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova və digər aidiyyəti qurumlara müraciət edirəm, 11 yaşlı övladım Xədicə Babazadənin sağlamlığının 100% itirilməsinə səbəb olan hadisənin düzgün araşdırılıb, səhlənkar həkimlərin məsuliyyətə cəlb olunması üçün məsul orqanlara tapşırıq vermələrini xahiş edirəm.”

Qeyd edək ki, bütün bunlar bu günədək ölkə mətbuatında dəfələrlə işıqlandırılıb, Xədicənin dişini müalicə edən stomatoloq Bəhruz Rüstəmov hadisə ilə bağlı açıqlama verib: “Hər iki valideyni uşağı panoram rentgeni ilə işlədiyim klinikaya gətirdi. Subyektiv və obyektiv müayinələrini etdikdən sonra ağız boşluğunda görülməli proseduralar haqqında məlumat verdim. Xədicənin valideynləri sedasiya ilə bağlı istəklərini bildirdiyinə görə təyin olunmuş vaxtda anestezioloq da klinikaya dəvət olundu. Əvvəlcə 46-cı dişin restavrasiyasını həyata keçirdim. Müalicə təxminən 15 dəqiqə çəkdi. Daha sonra 21-ci dişin endodontik müalicəsinə başladım. Kök kanallarının mexaniki, medikamentoz işlənməsindən sonra onu doldurdum. Prosedurun sonunda anestezioloq mənə işi təcili dayandırmalı olduğumu bildirdi. Mən işi saxladım və prosedur otağında olan anestezioloq pasiyentin vəziyyətini dəyərləndirəndən sonra təcili digər anestezioloq-reanimatoloqları prosedur otağına çağırdı. Bundan sonra mən heç bir stomatoloji müdaxilə etmədim”.

Baş verənlərin üzərindən 8 ay keçməsinə baxmayaraq bugünədək Bakı Sağlamlıq Mərkəzi hadisə ilə bağlı heç bir açıqlama verməyib, Mərkəzlə əlaqə saxlayan bütün media nümayəndələrinə “açıqlama veriləcək” deyərək etinasızlıq göstərilib. Hadisədə adı çəkilən anestezioloq Fərəh Amanova da bütün bu müddət ərzində mətbuatdan uzaq gəzib, adı hallanan hadisə haqda heç nə deməyib. Obyektivlik naminə, yazıda adı çəkilən tibb müəssisəsinin və həkimlərin açıqlamalarını yayımlamağa hazırıq.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 noyabr 2024, 00:05
Top