“Fors-major hallarla bağlı suallar verilə bilər” — Müəllimlər üçün müsahibələr başlayır

GÜNDƏM 06 sentyabr 2024, 18:40
 Xəbər verdiyimiz kimi, 9 sentyabr-dan etibarən təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi başlayır. Elm və Təhsil Nazirliyindən bildirildiyinə görə bu barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müsahibədə iştirak edəcək şəxslər tarix və məkan barədə məlumatlarla şəxsi kabinetə daxil olmaqla tanış ola bilərlər.  

Təhsil eksperti Səbuhi Abdullayev Demokrat.az-a açıqlamasında qeyd edib ki, müsahibə mərhələsində verilən suallar müxtəlifliyi ilə fərqlənir:

“Yaxın günlərdə müəllimlər üçün müsahibə mərhələsi başlayacaq. Təbii ki müsahibə mərhələsinə keçmiş namizədlər test imtahanında kifayət qədər uğurlu nəticə göstərənlərdir. Müsahibəyə hazırlaşan namizədlər bəzi mövzuları daha diqqətdə saxlamalıdırlar. Belə ki dünyagörüşü, ictimai-siyasi proseslərlə bağlı məlumatları qısa şəkildə bilmək çox vacibdir. Digər tərəfdən, birbaşa məktəbin özü, tədris prosesi, kurrikulum sistemi ilə bağlı sualları cavablamaq da tələb olunur. Həmçinin məktəbdə dərsin təşkili ilə bağlı məqamlara diqqət ayrılmalıdır. Dərs qfarikinin yazılması, icmalların tutulması, dərs prosesi, dərsi pozan situasiyaların qarşısının alınması ilə bağlı namizədin fikri öyrənilə bilər. Məsələn, dərsdə bir şagird davranış qaydalarına əməl etməyə, qışqıra bilər və ya qəfildən sinfə bir heyvan və ya quş daxil ola bilər – bu kimi fors-major hallarda müəllim nə etməlidir, necə davranmalıdır – namizəd bu tipli suallara cavab verməyə hazır olmalıdır. Düşünürəm ki, bu mövzularda təcrübəsi olmayan namizədlər məktəblərə və ya mütəxəssislərə müraciət edə bilərlər. 

Xatırlatmaq yerinə düşər ki, test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35 % əlavələr olunacaq. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq. Keçən il sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21883 müəllim iştirak etdi. Onların da əksəriyyəti uğur qazandı”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 noyabr 2024, 09:21
Top