“İstisu” Müalicə-İstirahət Kompleksi Qarabağın turizm potensialını artıracaq — AÇIQLAMA

GÜNDƏM 02 sentyabr 2024, 19:25
Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar. İstisu Azərbaycanın müalicə əhəmiyyətli mühüm yerlərindən biridir. Buranın turizm potensialı da kifayət qədərdir. Turizm eksperti Cabir Dövlətzadə Demokrat.az-a açıqlamasında deyib ki, Kəlbəcərdə yerləşən İstisu dünya əhəmiyyətli bir müalicə ocağıdır:

“İstisuyu Çexiyanın Karlovi Varı müalicəvi suyu ilə müqayisə edirlər, hətta ondan daha üstün olduğunu deyirlər. İstisu Sovet vaxtı ittifaqda məşhur idi. Kəlbəcər azad edildikdən sonra İstisu müalicə mərkəzində bərpa işlərinin aparılması buranı dünya səviyyəsində tanıtdıra bilər. çünki bus u həm içilir və həm də vanna olaraq qəbul edilir, hətta buradan çıxarılan duzdan qastrit, mədə-bağırsaq xəstəliklərində istifadə oluna bilər. Təsdiq olunub ki, İstisu həm daxili, həm də xarici xəstəliklərin müalicəsində effektivdir. Azərbaycan bundan turizm resursu kimi ən yüksək dərəcədə istifadə edə bilər. Kəlbəcər rayonunun xüsusi nümayəndəsi təyin olunan Bəşir Hacıyev özü köhnə otelçilərdəndir. Onun təyin edilməsi əminəm ki, gələcəkdə İstisuyun sanatoriya kimi yüksək səviyyədə inkişafına dəstək verəcək və turist cəlbinə müsbət təsir göstərəcək. 

Qarabağda artıq bir neçə beynəlxalq hava limanı var, turistlər üçün gediş-gəliş daha əlçatan  olacaq. İstisuyu beynəlxalq turizm sərgilərində tanıtmaq, Kəlbəcər zonasını geniş təbliğ etmək lazımdır. Çünki Kəlbəcər bütün Azərbaycanın  təbiəti, təbii sərvətləri, havası ilə seçilən zonalarından biridir. Aidiyyəti qurumlar geniş işlər görməlidirlər ki, yerli turistlərlə yanaşı, bərpa-quruculuq işləri başa çatdıqdan və İstisu Müalicə-İstirahət Kompleksi istifadəyə verildikdən sonra xarici turistləri də bura cəlb edə bilək”. 

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 13:19
Top