“Artıq Azərbaycanın ali təhsil sistemində rəqabət mühiti formalaşır” — AÇIQLAMA

SOSİAL 23 avqust 2024, 12:45
Bu il ali məktəblərə qəbul olan tələbələrin ixtisas seçimində iki yeni universitet də yer aldı – Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti. Bu təhsil ocaqları yeni açılmasına rəğmən bəzi ixtisasların keçid balları heç də az olmayıb. Hər iki universitetə qəbul planı demək olar ki, dolub və qəbul olan abituriyentlərin əksəriyyəti yüksək bal toplayanlardır. 

Qarabağ Universitetində dövlət sifarişi əsasında əyani formada hüquqşünaslıq ixtisasının keçid balı 609, eyni əsaslarla ingilis dili müəllimliyi ixtisasının keçid balı 538, Azərbaycan dili və ədəbiyyatı müəllimliyində isə keçid balı 509 olub. Türkiyə-Azərbaycan Univetsitetinin kompüter mühəndisliyi ixtisasında isə keçid balı 641 təşkil edib. Müqayisə üçün qeyd edək ki, Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasında keçid balı bu il 613 olub. Göründüyü kimi, yeni açılmış universitetlər keçid ballarında digər universitetlərdən heç də geri qalmır. 

Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, artıq Azərbaycanın ali təhsil sistemində rəqabət mühiti formalaşır:  

“Bu il Qarabağ Universitetində plan yerləri yüksək balla dolub. Bu, sevincidiri haldır. Gənclərimizin azad edilmiş torpaqlarda yaradılmış ilk universitetin tələbələri olması tarixi hadisədir. Hüquq ixtisası zatən prestijli ixtisasdır, keçid balı dövlət sifarişi əsasında əksər universitetlərdə 600 baldan yuxarıdır. Amma bu nəticəyə arxayın olmaq olmaz, dolayısı ilə Qarabağ Universitetini il ərzində çətin və məsuliyyətli iş gözləyir, çünki builki tələbələrin rəyləri növbəti illərdə qəbul balına təsir edəcək. Bu il dövlət sifarişli prestijli ixtisasların hamısında yerlər demək olar ki, doldu. 

Universitet rəhbərliyi də bunun üçün kifayət qədər iş gördü, regionlarda universitet tanıdıldı, çünki yeni universitet idi, abituriyentlər, valideynlər çox da məlumatlı deyildilər haqqında. Bundan sonra universitetin üzərinə məsuliyyət düşür ki, tələbələri savadlı kadr kimi yetişdirsin, gələcək həyatlarını müsbət istiqamətdə formalaşdırmağa köməkçi olsun. Qarabağ Universitetində də, Türkiyə-Azərbaycan Universitetində yüksək təhsil olmalıdır ki, abituriyentlər növbəti illərdə də buranı seçsinlər. 

Türkiyə-Azərbaycan Universiteti tanıtımını son həftələrdə etdi, buna baxmayaraq yüksək bal yığmış abituriyentlərin ixtisas seçimində yer aldı. Qarabağ Universiteti yüksək ixtisaslı müəllimləri cəlb edib tədris prosesinə, müasir infrastruktur qurulub. Türkiyə-Azərbaycan Universitetində də Türkiyənin nüfuzlu universitetlərindən müəllimlər dərs deyəcək. 

Düşünürəm ki, bu amillər nəticəsində savadlı məzunlar yetişəcək. Keçid ballarının aşağı düşməməsi üçün universitet rəhbərliyinin üzərinə böyük iş düşür”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 00:03
04 iyul 2025, 20:29
Top