“Jurnalistikada yazı yaza bilməyənlərin əskikliyini redaktorlar ört-basdır edir” — İsmayıl Rafiqoğlu

MEDİA 05 avqust 2024, 19:59
Xəbər verdiyimiz kimi, ötən gün jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçirilib. Belə ki, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən abituriyentlər iştirak ediblər. Bir çox ekspertlərin sözlərinə görə, jurnalistika ədəbi yaradıcılıq sahəsi deyil ki, orada esse, hekayə və s. yazılsın. Bildirilib ki, jurnalistika cəmiyyətə bağlı olan sosial sahədir və qabiliyyət imtahanı ilə fakta əsaslanan xəbərləmənin mahiyyətini təhrif edirik. 

Bütün bu fikirləri nəzərə alsaq, jurnalistika ixtisasına qəbul olmaq üçün qabiliyyət imtahanı vermək nə dərəcədə vacibdir?


Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu bildirib ki,  jurnalistikaya gələndə esse yazmaq kimi bir sadə işin öhdəsindən gəlmək gəncə bir dağı aşmaq qədər çətin bir iş kimi görünür. 

İsmayıl Rafiqoğlu qeyd edib ki, qəbulda şərtləri daha da sərtləşdirmək daha yaxşı olardı: 

“Jurnalistika ədəbiyyat və dilə birbaşa bağlı olan sahədir. Çünki nə qədər istedadlı birisi olursan ol, əgər hazırladığın məhsulu təqdim etmək üçün yararlı alətin yoxdursa, deməli boş-boşuna çalışırsan. Dili, ədəbiyyatı bilmirsənsə, fikri layiqli formada ifadə etmək də mümkün olmayacaq. Esse yazmaq çox asan bir tapşırıqdır, yəni kiçik bir yazıda özünü ifadə edə bilməlisən. Öz təlimlərimdə tələbələrin bir çoxunun hətta bunu bacarmadığını dəfələrlə görmüşəm. Çoxunda 6-7-ci sinif səviyyəsində olan inşa yazılarıdır. 

Kitab oxumayan, Azərbaycan dilində hər hansı filmə, tamaşaya baxmayan minlərlə gənc var. Bir az rusca, bir az türkcə, bir az ingiliscə bilir. Bir az yutubdadır, bir az tiktokda. “Qabiliyyət imtahanı olmalıdır ya yox” sualının özü də gülməlidir. Çünki musiqi təhsili almaq istəyən birisi mütləq orta musiqi təhsili alır, sonra kollecə daxil olur, daha sonra isə konservatoriyaya üz tutur. Eyni ilə rəsm, heykəltəraşlıq kimi oxşar peşələrdə də mütləq ilkin bacarıqlar olmalıdır. Musiqiçinin notu bilməsi necə vacibdirsə, jurnalistin də yazı yazması elə əhəmiyyətlidir. Jurnalistikada yazı yaza bilməyənlər az deyil və onların da bu problemini daha bacarıqlı jurnalistlər, daha doğrusu redaktorlar ört-basdır edir. Kimsə yaza bilmir, yaza bilən isə həmin şəxsin yazısını düzəldir. 

Düşünürəm, qəbulda şərtləri daha da sərtləşdirmək daha yaxşı olardı. Az amma keyfiyyətli insanları qəbul edək. Yazı yazmağı bacaran, xəbər duyumu yüksək olan şəxsləri jurnalistikada görək. Jurnalistikaya yönələn insan gərək elə uşaqlıq dövründən hazırlaşsın. Bu halda həm media qurumun kadr problemi olmaz, həm də redaktorun işi nisbətən rahatlaşar”.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2024, 16:56
08 sentyabr 2024, 14:16
Top