Media savadlılığı — Bu günün və sabahın vacib meyarı

GÜNDƏM 27 iyul 2024, 17:09
Müasir dövrdə texnologiyanın inkişafı və sürətli qloballaşma informasiyaya əlçatanlılığı da artırır. Yaşadığı, fəaliyyət göstərdiyi məkandan asılı olmayaraq bu gün hamı hər gün, hər saat yeni informasiya ilə tanış olur, yeni məlumatlar qəbul edir. Bunun üçün resurslar da kifayət qədərdir. Günümüzdə televiziyalardan tutmuş xəbər portallarına qədər müxtəlif informasiya resursları fəaliyyət göstərir. Ənənəvi mediadan əlavə bu gün sosial media da xəbər qaynağına çevrilib. Bir çoxumuz xəbəri, məlumatı məhz sosial mediada görür, oxuyuruq. Sosial media tədricən ənənəvi media resurslarını geridə qoyur. Bunun mənfi tərəfləri də danılmazdır. Sosial medianın sərhədləri aşdığı bir vaxtda doğru xəbəri fərqləndirmək elə də asan deyil. Media subyektlərinin də vəzifəsi doğru xəbərlə saxta xəbəri ayırd etməkdir. Bunun üçün də xəbərin ilk qaynağına baxmaq lazımdır. Bu mövzuda danışarkən media savadlılığının üzərindən səthi keçilməməlidir. Media savadlılığını cəmiyyətdə təşviq etmək zərurətə çevrilib. 



Şuşada keçirilən II Qlobal Media Forumunda əsas müzakirə mövzularından biri də məhz bu idi. Forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycan mediasının dezinformasiya ilə mübarizə istiqamətində böyük işlər gördüyünü vurğuladı. Ölkə başçısı qeyd etdi ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, müharibə dövründə düşmənlə aparılan informasiya savaşında və ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. Beynəlxalq auditoriyaya çıxmağın əhəmiyyəti də Prezident tərəfindən nəzərə çatdırıldı: “Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir, bu, birincisi. İkincisi, siz özünüz hər şeyi yaxşı bilirsiniz və mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Ona görə media nümayəndələrinə mənim tövsiyəm budur ki, ancaq belə də davam edin”, - deyə Prezident media nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirib. 

Sosioloq, jurnalist Elçin Bayramlı Demokrat.az-a açıqlamasında deyib ki, son dövrdə informasiya texnologiyalarının inkişafı yeni çağırışlar yaradıb, yeni media resursları meydana çıxıb:



“Mediada rəqabət mühiti güclənir, peşəkarlılıq, savadlılıq cəmiyyətə təsir göstərir. Dərindən nəzər yetirdikdə peşəkar media mühiti ilə sosial medianın fərqini görə bilərik. Peşəkar media obyektiv informasiyalar verir, təhlillərlə çıxış edir. Müasir media adlandırılan sosial media kanalları isə şou xarakterli xəbərlər yaymaqla məşğuldur, bayağı, şişirdilmiş informasiyalarla oxucu toplayır.  Bu da informasiya məkanında ciddi disbalans yaradır və problemlərə gətirib çıxarır. Bunun tənzimlənməsi çox çətindir, praktik olaraq bunun üçün imkanlar yoxdur. Peşəkar medianın üstünlüyünün cəmiyyətə çatdırılması üçün  müəyyən işlər görülməlidir, paralel olaraq digər tərəfin imkanları azaldılmalıdır. Saxta məlumatlar yayanlar üçün cəzalar sərtləşdirilməlidir ki, cəmiyyətdə çaşqınlıq yaratmasınlar. Bunun üçün hüquqi baza formalaşdırılmalıdır, qanunda bunun çərçivələri müəyyənləşdirilməlidir. 

Bugünkü gündə medianın peşəkar kadrlara ehtiyacı var. Peşəkar jurnalist bütün sahələrdən xəbərdar olmalıdır, özündə analitika qabiliyyəti formalaşdırmalıdır, faktları toplamaq və inandırmaq bacarığı olmalıdır. Yalnız belə kadrlara sahib media resursları müasir çağırışlara cavab verə, dünya arenasına çıxa bilər. Media savadlılığı müasir medianın tələbidir. Çünki bu gün informasiya bazarında rəqabət mühiti var, hər kəs özünə jurnalist deyir. Bu da insanlarda çaşqınlığa səbəb olur, doğru ilə saxta informasiyanı ayırd etməkdə çətinlik çəkirlər. Kütlələrə çıxış imkanlarının artırılması üçün medianın maddi-texniki bazası gücləndirilməlidir”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nurinin sözlərinə görə, media savadlılığı bu günün və sabahın vacib meyarlarından biridir:



“Məktəblərdə media savadlılığı fənninin tədrisinə başlanılmalıdır. Əsas fənlərdən biri kimi həftədə bir neçə dəfə tədris olunmalıdır. İnformasiya əsrində media savadlılığının məqsədi insanların özlərini necə idarə etməsi, informasiyanın insanlara necə təsir etməsi, informasiyadan müsbət yöndə bir silah kimi necə istifadə edilməsinin texnologiyasını öyrətməkdir. İnformasiya öyrədici, istiqamətləndirici proses həyata keçirir, biz istəsək də, istəməsək də. Sosial şəbəkə seqmentlərinin insana necə təsir etdiyini göz önünə gətirmək kifayətdir ki, media savadlılığının necə vacib olduğunu başa düşək. Fənləri öyrənirik ki, həyatın müxtəlif sahələrində tətbiq edək. Tətbiq prinsipi baxımından media savadlılığı bu gün məktəblərdə vacib fənlərdən biri olmalıdır. Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu bunun üçün xüsusi proqram hazırlamalıdır. Media savadlılığı anlayışı media mühiti ilə qarışdırılmamalıdır. Media savadlılığı sosial şəbəkələr selində itib batan uşaqlar, gənclər, valideynlər, milli şüuru qoruyub saxlamaq istəyən şəxslər üçündür”.

Törə Zeynallı
Demokrat.az    


Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top