“Paris artıq sevgi, romantika deyil, kin, qorxu və nifrət şəhəridir” — Fərid Şahbazlı

SİYASƏT 27 iyul 2024, 16:56
Olimpiada miqyasına görə ən böyük idman bayramıdır. Olimpiada dostluq, birlik, həmrəylik və barış aksiyasıdır. Bu mənada on minlərlə idmançının müxtəlif idman növləri üzrə mübarizə apardığı bu böyük idman bayramına siyasi nifrət qatmaq, onun tribunasından irqi, dini ayrı-seçkilik təbliğ etmək əlbəttə ki, yolverilməzdir. 

Lakin iyulun 26-da Parisdə başlanan sayca XXXIII Yay Olimpiya Oyunları elə ilk gündən göstərdi ki, bu heç də belə deyil. Bir-birinin ardınca baş verən təxribatlar Olimpiadanın "dadını-duzunu” hələ başlamamış qaçırıb. 

Nə baş verir?

Olimpiya oyunlarının keçirildiyi şəhərlərdən mühacirlərin zorla çıxarılması, bütün Fransa boyu yayılan kütləvi qarətlər (Argentina milli komandası, məşhur braziliyalı veteran-futbolçu Ziko və digərlərinin qarət olunması), zorlanma halları (avstraliyalı qadın zorakılığa məruz qalıb), nəqliyyatda xaos, xüsusilə sürət qatarlarının hərəkətinin dayandırılması, "EuroAirport” hava limanının bağlanması, açılış mərasimində İsa peyğəmbərin təhqiramiz formada təqdim olunmasında satanizm elementləri, LGBT-nin aqressiv təbliği və s. beynəlxalq ictimaiyyəti əməlli başlı hiddətləndirib. Təsadüfi deyil ki, məşhur "Guardian” qəzetinin köşə yazarı Olimpiadanın açılış mərasimini haqlı olaraq "zəhərli tamaşa” adlandırıb. 

Bütün bunlar azmış kimi, oyunların açılış mərasimini translyasiya edən yerli "Fr2” telekanalının aparıcısı Azərbaycan və Ermənistan idmançılarının keçidi zamanı təxribatçı ifadələr səsləndirilib. O, Ermənistanı "dost, tarixən fransızların qəlbinə yaxın olan ölkə” adlandırararaq, ""Dağlıq Qarabağ”ın süqutundan bir il ötdü” deyərək, az qala dəsmal götürüb ağlayacaqdı. Azərbaycan komandasının keçidi zamanı isə bu aparıcı ölkəmizi "ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib. 

Əlbəttə ki, burada qəribə və qeyri-adi heç nə yoxdur. Son illərin hadisələri deməyə əsas verir ki, köhnə və "təcrübəli” müstəmləkəçi Fransadan bundan artıq nəsə gözləmək sadəlövhlük olar. Lakin Olimpiada kimi böyük bir idman tədbirinin siyasi manipulyasiyalar arenasına çevirmək əlbəttə ki, yolverilməzdir. Olimpiya idman prinsiplərinin kobudcasına pozulmasına görə yəqin ki, Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə müraciət edəcək. Bundan əlavə, rəsmi Bakı diplomatik kanallarla Parisə də etiraz bildirə bilər

Bəli, Paris artıq "sevgi, moda, arzular və romantika şəhəri” deyil, sadəcə dünyaya kin, qorxu və nifrət püskürən Makron Fransasının paytaxtıdır.

Fərid Şahbazlı,
Siyasi şərhçi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top