“Nəqliyyatda qayda-qanunun yaradılması vacibdir” — Millət vəkili

GÜNDƏM 26 iyul 2024, 19:17
 Xəbər verdiyimiz kimi, qanunsuz parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə yeni cərimələr təsdiq olunub. İnzibati Xətalar Məcəlləsinə təsdiqlənən dəyişikliklə
dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə olunacaq.


Millət vəkili Tahir Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, nəqliyyatda qayda-qanunun yaradılması, mövcud nöqsanların aradan qaldırılması hər kəsi düşündürür:

“Çünki nizamsızlıq müəyyən çətinliklər yaradır. Yollarda tıxaclara, vaxt itkisinə, insanların çətinlik çəkməsinə səbəb olur. Digər tərəfdən, Bakıda avtomobillərin çox olması yeni parklanma yerlərinin yaradılmasını zəruri edir. Bu sahədə xidmətin yüksəldilməsi də başlıca məqsədlərdəndir. Qanunsuz parklanmaya görə cərimələrin tətbiq edilməsi real vəziyyətə əsaslanır və qayda-qanunun təmin edilməsi üçün vacib addımdır. Təəssüflər olsun ki, bəzi insanlar saxta parklanma yerləri yaradır və sürücülərdən ödəniş tələb edirlər. Düşünürəm ki, cərimələrin tətbiqi ilə zamanla bu şəxslərin əməllərinin qarşısı alınacaq. 

Paytaxt Bakı günü-gündən gözəlləşir. İnsanlarımız da paytaxtın inkişafı üçün görülən işlərə qanunlara əməl etməklə, qanunsuzluqlara yol verməməklə töhfə verməlidirlər. Sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı və sərbəst hərəkəti üçün hər kəs qaydalara riayət etməlidir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top