"Parlamentin üzvünə sual verirsən, deyir ki, "mən siyasətə qarışmıram”, bəs onda orada nə işin var?" — AÇIQLAMA

GÜNDƏM 26 iyul 2024, 16:18
Xəbər verdiyimiz kimi, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələrə səbəb olacaq açıqlamalar verib.

Belə ki, Sərdar Cəlaloğlu açıqlamasında “korrupsionerlərin, iş adamlarının, yaradıcı şəxslərin, müğənnilərin parlamentə düşməsinin qarşısı alınmalıdır. Məsələn, redaktorlar, jurnalistlər namizəd olurlar. Necə ola bilər ki, "dördüncü hakimiyyətin” nümayəndəsi gedib qanunverici orqanda oturur?! Bu gün idmançılar, müğənnilər, jurnalistlər, qeyri-siyasilərin bir çoxu deputatlığa iddialıdır. Mən başa düşmürəm, parlament oyuncaqdır? Parlament siyasi müstəvidə formalaşmalıdır, siyasi çəkişmə meydanı olmalıdır. Birdəfəlik anlamaq lazımdır ki, Milli Məclis qanunverici orqandır, siyasi məkandır” deyib. 

Lakin dünya təcrübəsində və ölkəmizdə dəfələrlə qeyri-siyasi şəxslər parlament üzvü olub. Həmçinin, Azərbaycan Konstitusiyasına görə, hər kəs deputatlığa namizədliyini irəli sürə bilər. 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, bu, şərti fikirdir və bugünkü Azərbaycan reallıqlarından qaynaqlanır. 

Qulu Məhərrəmlinin sözlərinə görə, parlamentdə bu cür adamlara yer verməklə, siyasi xadimlərin parlament yolunu kəsmək olmaz:

“Mahiyyət etibari ilə konstitusiya göstərir ki, hər kəsin namizədliyini irəli sürmək və deputat olmaq hüququ var. Bu açıq hüquqdur və hər kəs bundan istifadə edə bilər. Sərdar bəyin dediyi tamamilə başqa şeydi. O, təcrübədən çıxış edir. Çünki bir çox hallarda seçilirlər, parlamentarizmin inkişafına heç bir fayda vermirlər və qanunverici prosesdə iştirak etmirlər. Orada sadəcə yer tuturlar. Sərdar bəy onların hüququna hücum etmir. Əslində parlamentdə bu cür adamlara yer verilməsi, siyasi xadimlərin yolunun kəsilməsi deməkdir. Məsələnin mahiyyəti budur. 

Sərdar bəy yəqin ki, indiyə qədər parlament tariximizdə qanunvericilik ilə bağlı olmayan, Milli Məclisdə qanunların qəbuluna fayda verməyən, çıxışlar etməyən, problemləri deməyən və sadəcə orda oturub səsvermə ilə məşğul olan adamların təcrübəsinə istinadən belə bir fikir səsləndirib. 

Çünki, bu sırf siyasi fəaliyyətdir. Bəzən parlamentin üzvünə sual verirsən, deyir ki, “Mən siyasətə qarışmıram”. Siyasətə qarışmırsan bəs onda orda nə işin var? 

Parlament, dövlət anlayışının qanunvericilik qolu birmənalı şəkildə siyasətlə məşğul olmaq deməkdir. Ona görə də burda “Yaxamı kənara çəkim, məsuliyyət daşımayım, məndən heç nə soruşmayın, münasibət bildirməyim” kimi hallardan söhbət gedir. Sərdar Cəlaloğlunun fikirlərini qəribçiliyə salmaq olmaz. Onun dediyi tamamilə başqa bir aspekti əks etdirir. 

Kim istəyir namizədliyini versin. Eləsi var namizədliyini verir, daha sonra alver edir. Bilmirsən alimdi, bilmirsən yaradıcı adamdı, bilmirsən nə işlə məşğuldur?! Onların məqsədi seçilmək və şou ilə məşğul olmaqdır. Parlament ciddi bir qurumdur. Onun fəaliyyətində aktiv iştirak etmək lazımdır. Burda söhbət fayda verə biləcək insanlardan gedir. Heç kim nə müğənninin, nə şairin, nə yazıçını əleyhinə deyil. Dünya təcrübəsi göstərir ki, hər biri yaxşı deputat ola bilər. Amma söhbət bizim mühitdən gedirsə, bunlar ola bilirlər? Olmadıqlarına görə Sərdar bəy bu fikirləri səsləndirir”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top