“Uşaqlar əlində təsbehi, beşbarmağı oyuncaq kimi oynadır” — Valideyn MƏSULİYYƏTSİZLİYİ

GÜNDƏM 26 iyul 2024, 12:33
Hər bir uşaq öz zamanına uyğun böyüməli, dövrə və yeniliklərə uyğun şəkildə inkişaf etməlidir. Lakin zamanımızda uşaqlar nə öz yaşına, inkişaf mərhələrinə, nə də dövrün tələbinə uyğun böyüyür. “İndiki” uşaqlar dediyimiz nəsil nə yaşına uyğun davranır, nə musiqi dinləyir, nə də rəqs edir. Əslinə qalsa, onların maraq göstərdiyi şeylər hətta yetkin insanlara da uyğun deyil. Bunun bariz nümunəsinin hər gün şahidi oluruq. Keçən gün sosial şəbəkələrdə yayılan azyaşlının qeyri-adekvat hərəkətləri cəmiyyətdə narazılığa səbəb olub. Görüntülərdə kiçik oğlan əlində bıçaq tutaraq müxtəlif təhlükəli hərəkətlər edir və ən maraqlısı odur ki, videonu valideynlərindən biri lentə alır.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, bəzi valideynlərin əlindən  uşaqları alınıb dövlətin himayəsinə verilsə daha yaxşı olar. 

Lalə Mehralının sözlərinə görə, faciə o qədər böyükdür ki, uşaqlar əlində təsbehi, beşbarmağı, kəpənək deyilən bıçaq növünü oyuncaq kimi oynadırlar:



“Əslində, bu vəziyyəti valideynlərin özləri gətirib bu həddə çatdırıblar. Uşaqların ad günündə oğru dünyasının simvollarından ibarət tort bişirtdirir, divar bəzəkləri düzəltdirirlər. Bəzi valideynlər sifarişlə övladının köynəyinin üzərinə xüsusi olaraq “vorzakon”deyilən işarələrdən həkk etdirib geyindirirlər.  Həmçinin, valideynlər övladlarının saçlarını düzəltdirərkən xüsusi işarələrin olmasını istəyirlər. 

Yəni hər baxımdan bu vəziyyəti elə valideynlərin özləri yaradıb. Bəzi valideynlərin əlindən uşağını almaq və dövlət himayəsinə vermək daha məqbuldur. Dövlətin himayəsində böyüsün, nəinki o mənfi fikirləri uşağın zəkasına aşılayan valideynin yanında. 

Sözügedən videodan göründüyü kimi, həmin validen sanki uşağın əlindəki təhlükənin böyüklüyünün fərqin deyil. Əgər təsadüfən uşağın ayağı sürüşsə, yıxılsa əlindəki bıçaq ona xəsarət yetirsə, baş verəcək faciənin böyüklüyü təxmin etmək mümkün deyil. Ondan sonra o valideyn başına-gözünə döysə də, “bilmədim, etmək istəmirdim” kimi 100 cür bəhanə gətirsə də, yenə cinayət məsuliyyətinə cəlb ediləcək. 

Bu məsələnin sadəcə görünən tərəfidir. Gəlin birdə məsələnin görünməyən tərəfinə baxaq. Bu cür hərəkətlərlə o uşaqların əqlinə, zakasına nə qədər böyük terror həyata keçirilir və uşaqlar bıçaqla oynamağı normal qəbul edirlər. Uşaqlar əlində təsbehi, beşbarmağı, kəpənək deyilən bıçaq növünü oyuncaq kimi oynadırlar. Bunların hamısı valideynin əsəridir.

Düzdü, hər uşaq zəmanəsinə uyğun böyüyür. Amma zəmanədə nə qədər aydınlar, ziyalılar, zəkası ilə bütün dünyada ad qazanmış insanlar var. Niyə uşaqlar zəmanənin aydın tərəfini nümunə götürmür, oğru, quldur və narkoman tərəfini seçir? Çünki valideynlər elə yönləndirir. Heç bir dövrdə cinayətkara, oğruya, quldura və başqasına zorakıləq tətbiq edənə yer olmayıb. Onlar həmişə cəmiyyətdən kənarlaşdırılıb və təcrid olunurlar. Çünki normal böyüyən heç kim onlarla yoldaşlıq etmək istəmir. Bu cür davranışları nümunə götürən uşaqlar zamanla o girdaba düşəcəklər və özlərinin ətrafında yaşıtları olmayacaq. Çünki haqlı olaraq, övladına normal tərbiyə verən heç bir valideyn öz uşağının onlarla yoldaşlıq etməyini istəməz”.  

Əfsanə Rəcəb
Democrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top