“Putinin göstərişi olmadan Əsədin Ərdoğan ilə görüşəcəyini düşünmürəm” — Politoloq

GÜNDƏM 25 iyul 2024, 17:54
Xəbər verdiyimiz kimi, Kremldə Rusiya və Suriya prezidentləri Vladimir Putinlə Bəşər Əsəd arasında görüş keçirilib. Yayılan xəbərlərdə görüşün ticarət və iqtisadi əlaqələrin müzakirəsi ilə bağlı olduğu bildirilib. Lakin Kremlin bu görüşü Türkiyə və Suriya liderlərini görüşdürmək və barışdırmaq planını həyata keçirmək üçün təşkil etdiyi düşünülür. Belə ki Kreml bölgədə vasitəçi rolunu gücləndirmək istəyir.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov bildirib ki, Rusiya lideri ilə Suriya lideri arasında keçirələcək görüş, Suriya və Türkiyə liderləri arasında görüşə şərait yarada bilər.

Samir Hümbətov qeyd edib ki, Putinin göstərişi olmadan Əsədin Ərdoğan ilə görüşəcəyini düşünmür:

“Əslində, Suriya prezidenti Bəşər Əsəd ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilməsi ehtimalı var. Görüşün harada, necə və hansı şəraitdə keçirələcəyi məsələsi sual altındadır. Bununla bağlı bir neçə variant var. Bu görüşün Qətərdə, Omanda və digər başqa yerlərdə də təşkili məsələsi irəli sürülüb.

Burada əss prinsip məsələsidir. Yəni, bu görüş təşkil olunursa, hansı prinsip üzərində təşkil olunacaq? Görüşün nəticəsi nə ola bilər? Kim-kimdən nəyi tələb edəcək? Putin Əsəd görüşünün məqsədi təkcə Ərdoğan ilə Əsəd görüşü ilə bağlı deyil. Burada Rusiya-Suriya məsələsi də böyük rol oynayır. Artıq 2015-ci ildən Suriyada Rusiya qoşunları var. Hətta Bəşərin hakimiyyətdə qalmasının da əsas səbəbkarlarından biri Putindir və Rusiya qoşunlarıdır. Bu gün üçün Suriyanın ərazilərinin qorunmasına İran qədər Rusiya da cavabdehdir. Suriya limanında Rusiyanın dəniz qoşunlarıda var. Belə deyə bilərik ki, Suriya iqtisadi əlaqələrini Rusiya üzərindən aparır. Məncə, bu baxımdan onların bir-birinə bağlılığı və əlaqələri daha çoxdur. 

Hələki Bəşər Əsədi hakimiyyətdə Putin saxlayır. Düşünmürəm ki, Putinin göstərişi olmadan Əsəd Ərdoğan ilə görüşsün. Düzdür, kəşfiyyat orqanları görüşürlər və bəzi məsələləri müzakirə edirlər. Əslində, Suriya deyir ki, Türkiyə qoşunlarını mənim ərazimdən çıxartmalıdır. Yalnız bundan sonra danışa bilərik. Türkiyə isə deyir ki, PKK-nı oradan yığışdırmasan çıxmayacam. Yəni bu məsələdə belə bir qarışıq situasiya var”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top