“Ana və bacımın əxlaqsız qadın olduğunu dedi” — Mehriban qonşular düşmən oldular

KRİMİNAL 25 iyul 2024, 15:29
Gəncə şəhərində 1993-cü il təvəllüdlü Rövşən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Qismətə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rövşən Gəncə şəhəri, Fərman İmamquliyev küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında idarə etdiyi sərnişin avtobusunu işdən sonra yaşadığı evin qarşısında saxladığı zaman qonşusu Qismət onun ünvanına nalayiq ifadələr deməsinə görə aralarında mübahisə yaranıb. Şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı o, yumruq və təpik zərbələri ilə Qisməti vurub. 

Hadisəni törədən Rövşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qismət ilə uzun müddət qonşu olub, çox mehriban qonşu olublar, əvvəllər heç bir düşmənçilikləri və yaxud da ədavətləri olmayıb: “Hadisə günü saat 20 radələrində özümə məxsus avtobusu yaşadığım evin qarşısında saxladım və evə getdim. Bir qədər sonra evdən çıxaraq yaxınlıqda olan marketə getdim. Marketdən qayıdan zaman qonşum Əli və Qisməti gördüm. Əli həmin vaxt mənə avtobusu kənara çəkməyimi, ona yol verməyimi istədi. Mən də avtobusu arxaya verdim və Əliyə yol verdim. Sonra isə avtobusu yenidən evimizin qabağında saxladım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt üzbəüz qonşuları Qismət ona avtobusu evin qabağında saxlamasının mümkünsüz olduğunu deyib: “Mən də dedim ki, evimin qabağıdır, yaxşı edib saxlayıram. Həmin vaxt Qismət dedi ki, qələt edirsən. Qismət mənim ana və bacımın əxlaqsız qadın olduğunu dediyi üçün əlim ilə onun sol çiyninə, ayağım ilə sağ ayağına zərbə endirdim. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları bizi polis şöbəsinə apardılar”. 
İş üzrə zərərçəkmiş Qismətin sözlərinə görə, evində olan zaman evinin qapısı döyülüb: “Çölə çıxan zaman qonşum Əlinin evinin qabağında olan yolda “Qazel” markalı yük avtomobilinin, digər tərəfində sərnişin avtobusunun olduğunu, həmin avtomobillərin sahibini tanıyıb tanımadığımı soruşdu. Mən də avtobusun sahibinin qonşumuz Rövşən olduğunu, digərinin isə sahibini tanımadığımı bildirdim. Sonra Rövşən oradan keçən zaman Əli ona avtomobilini kənara çəkməsini bildirdi, onun avtomobilinin həmin yerdən keçə bilməsinin mümkün olmamasını qeyd etdi. Rövşən Əlinin avtomobili keçsin deyə avtobusu qırağa çəkdi. Əli oradan keçəndən sonra yenidən avtobusu həminki yerdə saxladı”. 

Zərərçəkmiş bildirib ki, daha sonra Rövşənə avtomobilini kənara çəkməsini deyib: “Rövşən avtobusunu kənara çəkməyəcəyini və yaxşı edib burada saxladığını, üstümə gələrək yaxşı elədiyini dedi. Məni nalayiq sözlərlə söyüb, əl ayaq zərbələri ilə vurdu. Rövşən mənimlə dalaşan zaman sol çiyin nahiyəmə yumruq zərbəsi ilə vuraraq xəsarət yetirdi. Həmin vaxt Rövşən sağ ayağıma təpiklə vuraraq xəsarət yetirdi. Sonra Rövşənin məni döyərək xəsarət yetirməsinə görə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”. 
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Rövşənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsluyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top