“Qanunlarla dəstəklənməlidir...” — Süni intellekt və “dərin aldatma”

İKT 22 iyul 2024, 17:09
“Süni intellektlə bağlı artıq bir neçə təhlükəli məqam vüsət alıb. Bunlardan biri də “deepfake”dir, yəni dərin aldatma. Bir neçə ildir bu yolla dövlət qurumlarının və ya dövlət rəhbərlərinin adından saxta məlumatlar yayılır”. 

Bu fikirləri Demokrat.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib. Ekspertin sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə dövlət qurumlarının xidmətlərində süni intellekt geniş tətbiq olunur: 

“Azərbaycanda da bu tendensiya başlamaq üzrədir. Bunun üçün qanunvericilik də bu prosesləri dəstəkləməlidir. Neqativ halların qarşısının alınmasında dövlət qurumlarının qanunvericiliklə dəstəklənən müəyyən vasitələri olmalıdır. Son illərdə artan saxta videolardan dövlət qurumları, rəhbərlərin adından, həmçinin kiberhücumlarda istifadə olunur. Hazırkı vəziyyətdə məlumatın saxta olduğunu başa düşmək çətindir. Məntiqən insanlar düşünməlidirlər ki, dövlət qurumu belə çağırışlar edə bilməz. Təəssüf ki, aldanan insanlar da var. Bunun qarşısını almaq üçün bir çox ölkələrdə yeni standartlar, qanunvericiliklə dəstəklənən yeni həllər yaradılır”.

E.Abbasov əlavə edib ki, dünyada hələ də “deepfake”i aşkarlayan bir monitorinq sistemi yoxdur:

“Baxırıq ki, sosial şəbəkələrdə “deepfake” videolar geniş yayılır. Əgər bunun saxta olduğunu aşkarlamaq mümkün olsaydı, yutub özü bunu əngəlləyərdi, amma hələ ki belə bir alqoritm yoxdur. Saxta videoların yayımdan qaldırılması hələ ki ancaq dövlət qurumlarının şikayəti ilə mümkün olur.

Azərbaycanda da hökumət rəsmiləri artıq bu məsələ barədə düşünməyə başlayıblar. Bu o deməkdir ki, süni intellektin müsbət və mənfi tərəflərinə dövlətin yanaşması mütləqdir. Azərbaycanda süni intellektin inkişaf etdirilməsi üçün qanunvericiliklə dəstək göstərilməlidir”.

Qeyd edək ki, II Şuşa Qlobal Media Forumunun sonuncu günündə "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" mövzusunda panel müzakirələr keçirilib. Əsas müzakirə mövzusu süni intellekt KİV-də yaxşı tətbiqi olub. Vurğulanıb ki, süni intellektdən istifadə edərək yaradılan və yayılan dezinformasiya ilə mübarizə aparmaq üçün hər bir ölkə öz texnoloji müdafiəsini yaratmalıdır.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top