“Budəfəki görüşün də çox ciddi nəticələr ortaya qoyacağını gözləmirəm” — Aydın Quliyev

GÜNDƏM 10 iyul 2024, 16:24
Bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş olacağı bildirilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəs, budəfəki görüş sülh sazişinin imzalanması ilə bağlı müsbət nə vəd edir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev bildirib ki,  budəfəki görüşün çox ciddi nəticələr ortaya qoyacağını gözləmir:

Politoloq qeyd edib ki, bu görüşlər Amerikanın Azərbaycan və Ermənistan sülh sazişinin mümkün qədər tezliklə və qısa müddətdə imzalanmasında nə qədər maraqlı olduğunu nümayiş etdirə bilər: 

“NATO-nun sammitində Amerikada üçtərəfli Azərbaycan, Ermənistan və Amerika görüşünün və danışıqlarının baş tutub tutmayacağı ilə bağlı hələ dəqiq məlumat yoxdur. Ancaq əgər bu görüş baş tutacaqsa, təbii ki, Azərbaycan-Ermənistan normallaşma prosesinə müəyyən qədər təsir göstərə bilər. Onsuz da Vətən müharibəsindən sonra Amerika Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması kontekstində bir neçə dəfə üçtərəfli görüşlərin keçirilməsinə nail olub. Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşüblər. Bu görüşlərdə elə bir ciddi nəticə ortaya qoyulmayıb. Yəni hiss olunur ki, Amerika sülh sazişinin imzalanmasında maraqlıdır və buna çalışır. Amma bu niyyətin həqiqətən ciddi və ardıcıl olduğu  vacib və təsirli faktordur. Ən azı Amerika əgər sülh sazişinin imzalanmasında həqiqətən maraqlı olsa, bu, danışıqlar prosesində Ermənistanın mövqeyinə xeyli təsir göstərə bilər. Ermənistanın indiki rəhbərliyi daha çox Qərb yönümlü qüvvələr olduğuna görə, Amerikanın belə bir mövqeyi Ermənistan rəhbərliyini sülh danışıqlarına və sülh sazişinin imzalanmasına daha da həvəsləndirə bilər. 

Bu cəhətdən Amerika sülh sazişinin imzalanmasında maraqlı olduğunu nümayiş etdirmək üçün Ermənistana təsir göstərə bilər. İkinci tərəfdən əgər Amerika üçtərəfli görüşdə sülh sazişinin imzalanmasında həqiqətən özünü maraqlı tərəf kimi sübut edə bilsə, bizim artıq qiymətləndirmə imkanımız olacaq ki, bu bölgədə sülh sazişinin tezliklə imzalanasına mane olan kimdir. Bu, Amerikada, Avropada, Rusiyada və ya Ermənistandakı revanşist qüvvələrdir? Çünki Azərbaycan burada tamamilə saf və təmiz tərəfdir. Azərbaycan sülh sazişinin imzalanmasını həqiqətən istəyir. Ona görə bu üçtərəfli danışıqları baş tutacağı təqdirdə onun yalnız faydasını görürəm”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top