İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən ekoloji, sosial və korporativ idarəetmə (ESG) sammitində çıxışında Azərbaycanın investisiya mühitinin inkişafından danışıb. O bildirib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə sadiqdir və ekoloji, sosial və korporativ idarəetmənin inkişafında dövlət-özəl tərəfdaşlığın həlledici rol oynadığını qəbul edir. Sahib Məmmədov qeyd edib ki, Azərbaycan dairəvi iqtisadiyyata keçiddən tutmuş “təmiz texnologiyalar”ın tətbiqinə və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə qədər müxtəlif təşəbbüsləri dəstəkləyir.
İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatın gələcək inkişafı üçün şaxələndirilmiş yol tutub və bütün istiqamətlər üzrə irəliləməyi hədəfləyib.
Ekspert Demokrat.az-a açıqlamasında vurğulayıb ki, COP29 tədbirinin bu mənada ölkəmizə çox qatqısı olacaq:

COP29-un ölkəmizdə keçirilməsi bir daha sübut edir ki, Azərbaycan ənənəvi enerji resurslarından əlavə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədilə müasir, ekoloji təmiz texnologiyalardan istifadə etməyi başlıca hədəf olaraq seçib”.
Törə Zeynallı Demokrat.az

