“Seçkinin nəticəsinin İran cəmiyyəti üçün elə bir əhəmiyyəti olmayacaq” — AÇIQLAMA

GÜNDƏM 28 iyn 2024, 17:12
“İranda prezident seçkilərində 4 namizəddən daha şanslısı mühafizəkar xəttin nümayəndələridir. Düzdür, bütün rəy sorğularında keçmiş səhiyyə naziri təbrizli Məsud Pezeşkian irəlidədir. Amma İranda qapalı müəssisələr də seçkinin nəticələrinə təsir göstərə bilir”. 

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi iranşünas Sədrəddin Soltan deyib. Onun sözlərinə görə, rəy sorğuları keçirilən yerlər adi vətəndaşların mövqeyini əks etdirir: 

“Amma SEPAH-ın, bəsicilərin, ordunun, dövlət məmurlarının, dövlətin nəzarətində olan açıq və qapalı məntəqələr də seçkinin nəticələrinə həlledici təsir göstərə bilir. Odur ki, fikrimcə, mühafizəkar nümayəndənin qalib gəlmə ehtimalı daha çoxdur. Seçki daha çox Tehran hakimiyyətinə lazımdır. Çünki Tehran hakimiyyəti bu seçkinin nəticəsini cəmiyyətin onun çağırışına cavab verməsi kimi qiymətləndirir. Yəni seçkini hakimiyyət keçirir, cəmiyyət də bu siyasi kampaniyada iştirak edir. Bu isə hakimiyyətə etimadın göstəricisidir. Ona görə seçki daha çox hakimiyyətin özünü yoxlamasının göstəricisi də sayıla bilər. 

Seçkinin nəticəsinin İran cəmiyyəti üçün elə bir əhəmiyyəti olmayacaq. Çünki prezident ölkənin əsas aparıcı fiquru deyil. Ölkənin əsas aparıcı fiquru onun ali rəhbəri Ayətullah Seyid Əli Xamneyidir. Prezident isə tapşırıqları yerinə yetirən qurumun başçısıdır. O, xarici və daxili siyasətlə bağlı ona verilən göstərişləri həyata keçirir. Xamneyinin tapşırığını yeni seçiləcək Prezident necə icra edəcək? – bəli, bunun nəticəsinin cəmiyyətə təsiri ola bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top