Şəmkirdə ər arvadını şişlə döydü — TƏFƏRRÜAT

HADİSƏ 29 may 2024, 16:03
Şəmkir rayonunda 1998-ci il təvəllüdlü Aqşin ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuranəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 19-da Şəmkir rayonunun kəndlərindən birində baş verib. 

Aqşin yaşadıqları evdə arvadı Nuranə ilə aralarında yaranmış mübahisə zamanı əlində olan şişlə onun kürək nahiyəsinə vurub. 

Hadisəni törədən Aqşinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqşin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, fevralın 19-da, saat 15 radələrində yaşadıqları evdə Nuranə uşağa yemək yedizdirən zaman ona uşağı bərk tutmasını deyib: 

“Nuranə uşağı bərk tutduğumu deyərək mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı əlim ilə Nuranənin qolundan və başından vurdum. Bundan sonra evin həyətinə çıxdım. Nuranə də arxamca gələrək mübahisə etməyə davam etdi. Həmin vaxt Nuranə əlində dəmir şişlə üzərimə gəldi. Mən də həmin şişi Nuranənin əlindən alıb onun belinə vurdum”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən sonra zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, buna nail ola bilməyib. 

O, əməlindən peşman olduğunu deyib. 

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Aqşin hər ay qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top