AYNA BNA-nın yolunu gedir — Eyni şirkətlə 986 minlik sövdələşmə

İQTİSADİYYAT 16 may 2024, 12:19
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol nişanları, dirəkləri, sürət məhdudlaşdırıcı süni maneələr, məlumat lövhələri, tənzimləyici nəqliyyat güzgülərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Demokrat.az xəbər verir ki, tenderin qalibi “Yol Xətt” MMC seçilib.

AYNA ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 986 031,6 manatdır.

Adətən tender elan ediləndə ehtimal olunan satınalma predmeti üçün ehtimal olunan qiymət müəyyənləşdirilir və müsabiqənin qalibi seçilən şirkətlərin qiymət təklifi ehtimal olunan qiymətdən aşağı olur.

Bu tenderdə ehtimal olunan qiymət müəyyənləşdirilməyib. Hər halda dövlət satınalmalarının vahid elektron portalında bununla bağlı heç bir qeyd yoxdur.

Tenderin qalibi seçilən “Yol Xətt” MMC-yə gəlincə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə bu şirkət 3 iyul 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, 11-ci Dağlıq 3105-ci məhəllədə yerləşiri. “Yol Xətt” MMC-nin qanuni təmsilçisi Həsnov Zaur Mail oğludur.

“Yol Xətt” MMC yol nişanlanma xətlərinin çəkilməsini, yol nişanlarının istehsalını və satışını, eyni zamanda təhlükəsizlik sədlərinin, yol avadanlıqlarının (delinator, konus, təhlükəsizlik səddi, şəxsi park baryeri, sütun və künc qoruyucu, avto sürətkəsici, qollu baryer, montar baryer, maşın stoperi, təhlükəsizlik güzgüləri və flaşlar, Yol tələsi və s) satışını və quraşdırılmasını həyata keçirir.

Zaur Həsənova gəlincə, yol infraskturunda çalışır. Bu barədə şirkətin saytında qeyd edilib.

“Yol Xətt” MMC ən çox tender udan şirkət kimi tanınır. Mediada gedən məlumatlara görə təkcə 2019-2022-ci illərdə qatıldığı tenderlərdə 16 087 993 manatlıq sifariş qazanıb.

Şirkət əsasən AYNA-nın sələfi Bakı Nəqliyyat Agentliyinin (BNA) tenderlərinin qalibi olub. Görünür, AYNA da sələfinin ənənəsini davam etdirmək qərarına gəlib.

Bu günlərdə Baş Prokurorluq dövlət satınalmalarındakı korrupsiya hüquqpozmalarını açıqlamışdı. Açıqlamadan bir hissəni təqdim edirik: “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış təhlillərə əsasən, dövlət satınalmaları sahəsində tender komissiyasının üzvləri tərəfindən rüşvət alınması müqabilində eyni şirkətin və ya eyni şəxsə məxsus olan şirkətin mütəmadi olaraq qalib elan edilməsi, prosedurun sonunda tərtib edilmiş qərar və ya protokolda imzaların saxtalaşdırılması, təchizatçılarla qohumluq və ya digər əlaqələrinin mövcudluğunun gizlədilməsi, qeyri-qanuni sövdələşmələr nəticəsində azad rəqabət mühitinin məhdudlaşdırılması və digər növ korrupsiya hüquqpozamalarına daha çox rast gəlinir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top