“Yeni dünya nizamındakı qütbləşmədə Çin artıq öz yerini alıb” — Avropa səfərinin PƏRDƏARXASI

DÜNYA 30 apr 2024, 14:28
Çin Xalq Respublikasının prezidenti Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək. Çin Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, 5-10 may tarixlərini əhatə edən səfər Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və Macarıstan Prezidenti Tamaş Sulyok və Baş naziri Viktor Orbanın dəvəti ilə baş tutur. Bu, Si Cinpinin son 5 ildə Avropaya ilk səfəridir.

Politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında deyib ki, Çin prezidentinin bu səfərinin arxasında bir sıra məqsədlər dayanır:

“Öncə onu qeyd etmək lazımdır ki, Çinin “Bir kəmər, bir yol” layihəsinin və ümumiyyətlə, Avropada əsas iqtisadi tərəfdaşları sırasında Serbiya, Fransa və Macarıstan dayanır. Çin bu ölkələrə böyük investisiyalar yatırıb. Məqsəd ticari-iqtisadi əlaqələri dərinləşdirməkdir. Həm Fransa, həm də Serbiya və Macarıstan Çinlə əlaqələrin inkişafında maraqlıdır. Fransa və Çin BMT TŞ-da birgə təmsil olunurlar, daimi üzvlərdir. Son vaxtlar Fransa-ABŞ münasibətlərindəki soyuqluq da Çinin təsiri altında baş verir. Serbiya isə son vaxtlar tərəf dəyişdirir. Rusiya ilə yaxın əlaqələrə malik bir dövlət indi Çinə meyillənib və Çin investisiyasının bu ölkədə çoxalması da təsadüfi deyil. Çünki Serbiya Balkanların açar dövlətidir”.

Ekspert qeyd edib ki, yeni dünya nizamındakı qütbləşmədə Çin artıq öz yerini alıb:

“Çinin Afrikada, Cənub-Şərqi Asiyada, Orta Asiyada möhkəmlənməsi, indi isə Avropaya yönəlməsi önəmli detallardır. Çin mövcud vəziyyətdə öz imkanlarını daha da genişlətmək istəyir. Si Cinpinin Avropaya bir neçə günlük səfəri ABŞ-yə də bir mesajdır. Bununla Avropada təsir gücünə sahib olduğunu göstərir. Çin həm də onu demək istəyir ki, yeni dünya düzənində tək hegemon Amerika olmayacaq. İqtisadi əməkdaşlığın arxasında qeyd etdiyim məsələlər öz əksini tapa bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top