Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı türk dünyasına töhfədir

GÜNDƏM 27 apr 2024, 18:30
Azərbaycan türk dövlətləri ilə əlaqələrini gücləndirir. Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrlə iqtisadi, ticari, mədəni və ədəbi əlaqələrin genişləndirilməsi türk dünyasının ümumi mənafeləri baxımından əhəmiyyətlidir. TDT liderlərinin Azərbaycana dövlət səfərləri dostluq və qardaşlığa əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyindən xəbər verir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri də əlamətdar hadisələrlə yadda qaldı. Dövlət başçıları işğaldan azad edilmiş torpaqlara səfər etdilər. Prezident Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəbin təməli qoyuldu. 2,7 hektar ərazidə inşa ediləcək məktəb 22 kabinetdən ibarət olacaq. Burada həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti yaradılacaq. Səfər çərçivəsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimi də baş tutdu.




Qeyd olundu ki, qırğız xalqının, eləcə də türk dünyasının böyük oğlu, dünya şöhrətli yazıçının Azərbaycanda abidəsinin açılması onun yaradıcılıq irsinə böyük hörmət və ehtiramın ifadəsidir. Bunlar iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisi və Azərbaycanın dünya ölkələri ilə mədəni əlaqələrə böyük diqqət yetirdiyinin sübutudur. Səfər çərçivəsində elm və təhsil, səhiyyə, energetika, sahibkarlıq, nəqliyyat, ticarət sahələrini əhatə edən ümumilikdə 18 sənəd imzalandı. Bu sazişlər iki ölkə arasında gələcək uğurlu inkişafdan xəbər verir.  


Milli Məclisin deputatı Məlahət İbrahimqızı Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər son illərdə çox inkişaf edib:



“Qırğızıstan Prezidentinin ölkəmizə səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair bir çox sənədlər imzalandı. Buna əsasən deyə bilərik ki, hər iki dövlət bir-biri ilə həm siyasi, həm iqtisadi, həm də mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bu əlaqələrin təməlində tarixi bağlar dayanır. Azərbaycanla Qırğızıstanı ortaq dil, din və mədəniyyət, milli-mənəvi və əxlaqi dəyərlər birləşdirir. Qədim dövrlərdən iki xalq arasında mövcud olan tarixi əlaqələri günümüzdə daha da genişləndirmək prioritet məsələdir. Bu əlaqələrin inkişafı həm də türk dünyasının inkişafı deməkdir. Prezident İlham Əliyev andiçmə mərasimində də bu məqama toxundu. Ölkə başçısı qeyd etdi ki, biz özümüzü öz ailəmizdə tapmalıyıq, yəni bizim ailəmiz türk dünyasıdır. Düşünürəm ki, bütün türkdilli dövlətlər türk dünyasının birliyinə, güclənməsinə, vahid amal ətrafında birləşməsinə çalışmalıdır. 

Səfər çərçivəsində Dövlətlərarası Şuranın ikinci iclası da keçirildi. Adətən Azərbaycanın yaxın tərəfdaş olduğu əksər ölkələrlə arasında Hökumətlərarası Şura fəaliyyət göstərir. Qırğızıstanla Azərbaycan arasında Dövlətlərarası Şuranın fəaliyyət göstərməsi iki dövlətin strateji əməkdaşlığının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qırğızıstan ölkəmiz üçün mühüm strateji tərəfdaşdır”.

Politoloq Tural İsmayılov isə sayta açıqlamasında səfərin türk dünyası üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb. O bildirib ki, Azərbaycan türk dünyası üçün vacib ölkədir:



“Azərbaycanın türk dünyasında tutduğu önəmli mövqe onun güclənməsinə, eyni zamanda bu güc faktorundan türk dünyasının konsolidasiya üçün istifadə etməsinə töhfə verir. Nəzərə almaq lazımdır ki, son bir il ərzində Azərbaycan Prezidenti və türk dövlətləri başçılarının qarşılıqlı səfərləri baş tutub. Bir il ərzində Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərlər edib, həmçinin ölkə başçısı İlham Əliyev də Qırğızıstanda səfərdə olub. Sonuncu səfər çərçivəsində prezidentlərin yüksək səviyyəli görüşləri baş tutdu. İki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyi vurğulandı. 2023-cü ildə Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 35 milyon dollardan çox olub. Bu rəqəmin qarşıdakı illərdə daha da artırılmasına böyük ehtiyac var. Hesab edirəm ki, Azərbaycan-Qırğızıstan münasibətləri Azərbaycan-Türk Dövlətləri Təşkilatı münasibətlərinin də zənginləşməsində rol oynayacaq. Bu həm də beynəlxalq aləmə bir mesajdır. Dünya bu səfərlər fonunda bir daha türk dünyasının həmrəyliyinə şahidlik edir”.

Törə Zeynallı
Demokrat.az 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində hazırlanıb
.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2024, 23:14
09 may 2024, 21:43
Top