“Qırğızıstan Prezidentinin Qarabağa səfəri Ermənistana verilən mesajdır” — Deputat

GÜNDƏM 25 apr 2024, 14:16
 “Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyacağı əvvəlcədən proqnozlaşdırılırdı. Çünki Azərbaycan Prezidenti andiçmə mərasimində xarici siyasətimizin əsas prioritet istiqamətinin türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi olduğunu söylədi”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfərinin region və türk dünyası üçün əhəmiyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanla Qırğızıstan arasında səfər çərçivəsində imzalanan sənədlərin sayı, Qırğızıstan prezidentinin işğaldan azad olunmuş ərazilərə səfəri onu deməyə əsas verir ki, ölkələr arasındakı münasibətlər yeni səviyyəyə yüksəlir: 

“Daha öncə Özbəkistan və Qazaxıstan liderləri də Azərbaycana səfərləri zamanı Qarabağda oldular və bərpa-quruculuq işlərinə öz töhfələrini verdilər. Sadır Japarovun da Qarabağa səfər etməsi Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini nümayiş etdirir. Bu, dünyaya və Ermənistana verilən mesajdır. Qızğızıstan təbii ehtiyatlarına görə sərmayə cəlb etməyə hazır olan bir ölkədir və Azərbaycan sərmayəçi rolunda çıxış edə bilər. Çinlə sərhəd olması bu ölkənin strateji əhəmiyyətini artırmaqdadır. Səfər zamanı verilən mesajlar mədəni, humanitar, mənəvi, ədəbi əlaqələrin dərinləşməsi baxımından önəm daşıyır. Hər bir azərbaycanlının az qala Azərbaycan yazıçısı hesab etdiyi görkəmli Çingiz Aytmatovun heykəlinin açılması da bu əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirilə bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top