"Qafqaz Müsəlmanları İdarəsi də fətva verib ki, rəsmi nikah olmadan dini nikaha razılıq verilməsin" — AÇIQLAMA

GÜNDƏM 25 apr 2024, 13:11
Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin aprelin 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, vətəndaş nikahı Avropadan Azərbaycana keçib. O bildirib ki, Avropada araşdırmalara görə vətəndaş nikahı azalsa da, Azərbaycanda getdikcə artır: “Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb”.

Spiker Sahibə Qafarova da bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur: “Bunu hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur. Qadın da, kişi də vətəndaş nikahına girməli deyil”.

Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Demokrat.az-a açıqlama verib. O qeyd edib ki, vətəndaş nikahı rəsmi nikah deyil və bir çox hallarda fəsadları olur:

“Ümumiyyətlə, bu tendensiya uzun müddətdir ki, başlayıb. Vətəndaş nikahının artmasına təsir edən amillər var. Bunlara ikinci dəfə ailə həyatı quranlar, erkən yaşda nikaha daxil olanları aid etmək olar. Daha sonra bir çox insanlar əmlak və mülk məsələlərinə görə vətəndaş nikahında qalırlar. Bu da ailədə konfliktə gətirib çıxarır. Vətəndaş nikahının fəsadları çoxdur. Qadının və uşağın hüququ daha çox məhdudlaşır. Əmlak, qeydiyyat və yaxud birgə gəlir əldə edən vətəndaş nikahında olan ailələr gəlirin bölünməsi və ona sahiblik məsələsində çətinlik çəkirlər. Başqa bir məsələ isə uşağın sənədləşməsidir.

Vətəndaş nikahından doğulan uşaqları ata qəbul eləmir və yaxud hər hansı məsuliyyətdən qaçmağa çalışır. Həmçinin burada dinin təsiri də var. Bəzi insanlar hesab edirlər ki, dini nikah əsasdır. Dini nikahın əleyhinə deyiləm, amma ki, dəfələrlə Qafqaz Müsəlmanları İdarəsi də fətva verib ki, rəsmi nikah olmadan dini nikaha razılıq verilməsin”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top