"Nəticələr sualların bəsit olduğunu deməyə əsas verir" — Təhsil eksperti

SOSİAL 18 apr 2024, 18:37
 "Builki buraxılış imtahanlarının nəticələrinin yüksək olmasının bir sıra səbəbləri var. Bu səbəblərdən ən böyüyü hər nə qədər cəmiyyətdə bir mənalı qarşılanmasa da, sualların ötən illərə nisbətən bəsit olması idi".

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Murad deyib. Onun sözlərinə görə, əvvəlki illərdə maksimum bal barmaqla sayılacaq qədər az olub, ötən ilsə ümumiyyətlə maksimum bal toplayan abituriyent olmayıb:



"Bu il birdən-birə 53 nəfərin maksimum balı toplaması sualların bəsit olduğunu deməyə əsas verir. Digər səbəb abituriyentlərin bir çoxunun savadının yüksək olması ilə əlaqədardır. Bir başqa səbəb isə ölkədə pandemiyanın fəsadlarının aradan qaldırılması faktıdır. Onu da qeyd edim ki, bu fakt builki nəticədə müəyyən qədər rol oynadı.

Nəticələrin belə yüksək olması ağıllarda müxtəlif suallar yaradır. Blok imtahanlarının səviyyəsi necə olacaq? Bu il ixtisas seçimində abituriyentlər arasında rəqabət hansı səviyyədə olacaq?

Düşünürəm ki, blok imtahanlarında suların səviyyəsini indiki nəticəyə uyğun tənzimləyəcəklər. Qaldı ikinci sualın cavabına, bu il ixtisas seçimində ixtisasların ballarında artım müşahidə olunacaq. Seçimlərini son dərəcə diqqətlə etməyən abituriyentlər müəyyən sıxıntılar yaşaya bilərlər. Hər bir abituriyentə uğurlar arzulayıram".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top