5 aprel oyunu nəyə hesablanıb?

GÜNDƏM 29 mar 2024, 21:14

2024-cü il aprelin 5-nə Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşü planlaşdırılıb. ABŞ-Ermənistan-Aİ konfransının məqsədi nədir? Regiona hansı təhlükə vəd edir?

Mövzu ilə bağlı Olaylar.az-a  fikir bildirən siyasi ekspert Telman İsa qeyd edir:

"Hər keçən gün Ermənistan baş naziri Nikol Paşinyan və onun havadarları daha da tələsir! Tələsdikcə isə ciddi səhvlərə yol verir, əlavə gərginliklər yaradırlar. Söhbət həm də bu ilin sonunda Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçiriləcək prezident seçkilərindən gedir. Keçirlən sorğular, aparılan araşdırmaların nəticələri onu deməyə əsas verir ki, getdikcə respublikaçıların namizədi Donald Trampın qalib gəlmək şansı daha da artır. Bu isə tarixdə ən qatı ermənipərəst namizəd, hazırkı prezident Cozef Baydeni çıxılmaz vəziyyətə salıb.Məğlubiyyətdən ehtiyatlanan Baydenin hətta məsləhət almaq üçün Ağ evin sabiq rəhbəri Barak Obamaya tez-tez zəng etdiyi deyilir.

Bunu nə üçün dedik? Məsələlərə bir qədər anlaşıqlı yanaşan Paşinyan dərk edir ki, ilin sonuna qədər vəziyyəti qismən dəyişə bilsə, yaranmış gərgin durumdan nisbətən sığortalanmış olacaq.Amma görünən odur ki, irəli sürdüyü təkliflər həm Bakıda, eləcə də Rusiya kimi bölgə ölkələrində qıcıqla qarşılanır.Məsələn,  aprelin  5-də Brüsseldə yüksək səviyyədə keçiriləcək Ermənistan-Aİ-ABŞ görüşünə Azərbaycan sərt təpki göstərib. Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə çərşənbə axşamı günü deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi   Blinken və Avropa Komissiyasının sədri Ursula von der Leyen arasında keçiriləcək  toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur.Əlavə edib ki, Ermənistandakı qisasçı əhval-ruhiyə bu tədbirdən dəstək uma bilər və mümkün təxribatlarda Aİ ilə ABŞ-nin  Ermənistanı dəstəkləyəcəyinə dair "illuziya" yarada bilər.Bu halda, Aİ və ABŞ  Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.

Bu arada qarşı tərəfin rəsmiləri bildiriblər ki, tədbirdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır, addımlar dayanıqlılığının artırılmasına yönəlib.Göründüyü kimi, ermənilər, həmişə təxribatlara əl atır, real danışıqlardan, sülh müqaviləsinin bağlanmasından, regionda nəqliyyat-komminikasiya xətlərinin açılmasından boyun qaçırırlar. Davamlı sülhə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, bütün tərəflərin sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginliyə səbəb ola biləcək addımlardan çəkinməsi olduqca vacibdir.

Diqqət çəkən məqamlardan biri də Azərbaycan tərəfinin torpaqlarının Ermənistanın işğalında olduğu dövrdə BMT-nin dörd qətnaməsi olduğu halda, Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almadığı faktdır.Deməli, adları keçən güc mərkəzləri yenə riyakarlığa, ikili standartlara yol verirlər! Bu azmış kimi, Dövlət Departamentinin təmsilçisi Metyu Miller keçirilən son brifinqdə Azərbaycanın narahatlığının əsassız olduğunu vurğulayıb.Xatırladıb ki, Brüselldə keçiriləcək görüşün əsas hədəfi iqtisadi məsələrdir, Ermənistanın ticarət  imkanlarını diversifikasiya etmək, humanitar ehtiyaclarını ödəməkdir.Miller "bu addımlar İrəvanın Moskvadan uzaqlaşmasına hesablanmış təşəbbüslərdir" -sualına cavab verməkdən imtina edib.Moskva isə, rəsmi Bakı kimi,  bu görüşü narahatlıqla qarşılayıb. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb ki,sözügedən görüşlər əksər region ölkələrində narahatlıq doğurur.Bu addımlar Azərbaycan və Ermənistan arasında sülhə nail olmağa deyil, Qərbin olduqca destruktiv yanaşmaları ilə Cənubi Qafqazda daha da irəliləməsinə, orada yeni ayırıcı xətlərin yaradılmasına, region ölkələrini anti-Rusiya gündəliyini izləməyə məcbur etməyə, Moskva ilə çoxəsrlik əlaqələrin parçalanmasına, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün mövcud mexanizmlərin sarsılmasına yönəlib.

Beləliklə,  rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamırmışcasına davranması böyük sual doğurur. Bütün dünyanın gözü qarşısında Ermənistanı kollektiv Qərbin erməni xalqının təməl maraqlarından tamamilə fərqlənən son dərəcə təhlükəli planlarının reallaşdırılma vasitəsinə çevirməsi hər keçən gün genişlənir, daha da dərinləşir! Təbii ki, bu, ermənilərin öz seçimidir!"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top