"Elə məsələlər ortaya çıxır ki, artıq insan kimi qərar verməlisən, hakim kimi yox" — Hüquqşünasdan AÇIQLAMA

GÜNDƏM 29 mar 2024, 12:49
Milli Məclisin bu gün keçirilən iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilib. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər. Müzakirələrdən sonra hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilib.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. 


Məsələyə Demokrat.az-a açıqlamasında münasibət bildirən hüquqşünas Mehman Muradlı hesab edir ki, hakimlik məsuliyyətli peşədir, bunun üçün biliklə yanaşı həyat təcrübəsinə ehtiyac var:



“Hakim olmaq üçün 5 il hüquqşünas kimi işləmək tələb olunur. Yenə də namizədin yaşı 30-a gəlib çatır, uzağı 1-2 il fərq edə bilər dəyişikliyə əsasən. Yaş məhdudiyyətinin ləğvinə yanaşmam normaldır. Amma ümumilikdə hakimlik elə bir peşədir ki, burada insan taleyi həll olunur faktiki olaraq. Hakim seçilən şəxs püxtələşmiş, təcrübəli biri olmalıdır. Fikrimcə, 45 yaşdan aşağı şəxsdə hakimlik üçün yetəri bilik və təcrübənin formalaşması inandırıcı deyil. Hər şey qanunda, kitabda yazıldığı kimi olmur. Bəzən elə məsələlər ortaya çıxır ki, artıq insan kimi qərar verməlisən, hakim kimi yox. Universiteti bitirib 5 il hüquqşünas ixtisası üzrə işləyən 28-29 yaşında bir gənc də hakim olmaq üçün namizəd ola bilər. Amma gənc ixtisas sahiblərinə aşılamaq lazımdır ki, bu yaşlarda hakim olmaq elə də düzgün deyil, bunun üçün xeyli vaxt lazımdır. Hakim olmaq istəyən gənc özü düşünməlidir ki, buna hazırdır, yoxsa, yox. Söhbət insan talelərindən gedir. Hakim olmaq üçün müəyyən yaşa qədər əvvəlcə vəkil, hüquqşünas kimi digər peşələrdə çalışmağı daha məqsədəuyğun hesab edirəm”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top