“Elm və təhsillə bağlı ayrıca televiziya kanalı yaradılmalıdır” — TƏKLİF

GÜNDƏM 27 mar 2024, 18:31
Bu gün Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilən Elm Günü Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı tarixə təsadüf edir.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri qeyd edib ki, elm kimi ali dəyər bu gün cəmiyyətimizdə sevilmir, insanları özünə çəkmir: 

“Obyektiv səbəblər aydındır. Amma fikrimcə, başlıca səbəb budur: Elm populyarlaşdırılmır. Elmin kütləviləşdirilməsi istiqamətində təəssüf ki, çox cüzi işlər görülür. Elmi bu gün məktəblərə "aparmaq" lazımdır... Şagirdlərə elmi sevdirməyin, yeniyetmə və gənc nəsil arasında necə populyarlaşdırmağın yolları düşünülməlidir”.

Ekspert hesab edir ki, cəmiyyətdə elmə olan laqeydliyi aradan qaldırmağın ən unikal yolu elmin kütləviləşdirilməsidir. 

Elmin Nuri Demokrat.az-a açıqlamasında deyib ki, bu gün bir çox ölkələrdə tanınmış elmi-kütləvi ədəbiyyatlar və müəlliflər var və bir çox gəncin elmə yönəlməsində, hətta Nobel mükafatı almasında rol oynayıblar:

“Qardaş Türkiyədə minlərlə alimin arasında Cəlal Şəngör, İlbər Ortaylı, Doğan Cücəloğlu kimi adların bu qədər çox sevilməsinin səbəbi onların elmi populyarlaşdırılmasında gördükləri işlərdir. Elm mütləq məktəbə ayaq açmalıdır və şagirdlər elmi sevmək üçün onunla ilk dəfə məktəbdə tanış olmalıdırlar. Təəssüf ki, biz hələ təhsildə tədqiqat meyarlarına keçməmişik. Dünya məktəblərində tədqiqat yönümlü təhsilə keçid edilir. Fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri ilə bağlı xüsusi tədqiqatlar aparılır. Şagirdlər elmi fəaliyyət istiqamətində müəyyən işlər görürlər. Bizdə isə çox az sayda özəl və ya dövlət məktəbində buna cəhdlər edilir”. 

E.Nurinin fikrincə, şagirdləri elmə sövq etmək üçün görüləsi iki əsas iş var: 

“Birincisi, mütləq məktəblərdə populyar elm və ya digər bir adda ayrıca fənn keçirilməlidir. Elm tarixi, elmin nəzəriyyələri, elmi analitika, elmşünaslığı uşaqlar öyrənməlidirlər. Elmi populyarlaşdırmaq üçün “iki M” prinsipini irəli sürərdim – məktəb və media. Media da bu istiqamətdə yaxasını kənara çəkməməlidir, amma təəssüf olsun ki, çəkib. Düzdür, media elm və təhsillə bağlı problemləri işıqlandırır, amma sırf elmin təbliği istiqamətində də müəyyən işlər görülməlidir. Necə ki, bu gün yerli televiziyalarda  uşaqlar üçün “Günəş TV” kimi kanal var, cizgi filmləri, maarifləndirici çarxlar göstərilir, mədəniyyət və idman sahəsi ilə bağlı ayrıca kanallar var, eləcə də elmdən bəhs edən xüsusi televiziya kanalı olmalıdır. Doğrudur, bu gün Akademiyanın bazasında “Elm Tv”, Nazirliyin bazasında “Təhsil TV” var, amma etiraf edək ki, fəaliyyətləri elə də güclü deyil. Bu tv təsisatları aid olduğu qurumların fəaliyyətini işıqlandırmaqdan o tərəfə keçə bilmir, fərqli yanaşma, cəmiyyəti silkələyən materialları yoxdur. Elm və təhsillə bağlı mütləq ayrıca televiziya kanalı yaradılmalıdır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top