Hadruta 30 il əvvəl götürdüyü gəlinciklə qayıtdı...

GÜNDƏM 24 fev 2024, 23:46

Əslən Hadrutdan olan tanınmış jurnalist Ümidə Həsənli 5 yaşında olanda doğma kəndlərini tərk etdiyi gün, erməni separatçılarının azərbaycanlılara qarşı həyata keçirdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımının törədildiyi günlə bağlı kövrək xatirələrini, vətən həsrəti ilə yaşadığı illəri, 30 ildən sonra doğma yurduna qayıdışı ilə bağlı keçirdiyi hissləri qələmə alıb. AZƏRTAC Ü.Həsənlinin “Mənim müqəddəs günüm” adlı yazısını təqdim edir.

Kiçik yaşlı qız, soyuq hava, qüllə yağışı, yaxınlarını itirmək qorxusu...

Soyuqda küçədə qalmağın nə olduğunu bilirsiniz? Üstəlik də içində bir qorxu ola, soyuq da səni üşüdür, qorxu da səni üşüdür. Özünə güllə dəyməsi bir yana, ata-anan, bacı-qardaşına hər an nəsə ola biləcəyi qorxusu insanın içini və çölünü elə dondurur ki... Adama elə gəlir ki, bu, heç vaxt bitməyəcək. Lakin bitir, itkili bitir, itkisiz bitir, ancaq bitir. Amma ömür boyu bu soyuq səni tərk etmir, sümüklərinə, iliklərinə qədər işləyib axı... İsti otaqda oturduğun yerdə qəfil yanından bir yel ötür, o saat titrəməyə başlayırsan, sanki həmin gün kimi...

Bunu yaşamayanlar yaşayanları anlaya bilər, lakin olduğu kimi təsəvvür edə bilməz. Necə ki, həyatı boyu dənizə girməyənlər boğulanların halını bilmədiyi kimi.

Xocalı soyqırımı olanda Füzulidə babamın evində idik. Şəhidləri Füzuli və Ağam məscidlərinə gətirirdilər, analar, bacılar, övladlar əzizlərini axtarırdı cansız bədənlər arasında. Bizim ailəmiz də həmçinin. Tapmayanda deyirdilər ki, yəqin əsir düşdü. Yəni sağ qalmaq ehtimalını heç kim düşünmürdü. Çünki Qarabağ müharibəsində, yəni çoxumuzun gördüyü və bildiyiniz Qarabağ müharibəsində sağ qalmaq ehtimalı o qədər az idi ki...

Saatlarla, günlərlə məscidlərin qabağında ağlaşma səsi eşidirdim. O uşaq qulaqlarım ağlaşma səsləri ilə dolmuşdu.

Allah heç bir uşağa mənim və həmyaşıdlarım kimi uşaqlıq qismət etməsin. Xüsusən də Qarabağ bölgəsində yaşananlar kimi. Uşaqların yaddaşında ən pis və ən yaxşı, onları ən çox sevindirən və ən çox kədərləndirən hadisələr mütləq qalir.

“Əgər mənə nəsə olsa...”

1988-ci ildə Sumqayıt hadisələri zamani oradaydıq. Həmin günlərin birində atam bir vərəqə nəsə yazıb cibinə qoydu. Anam soruşdu ki, o nədir? Atam cavab verdi ki, ev ünvanımız və bizim adlarımızı yazıb: “Əgər mənə nəsə olsa..”. Atasından bu sözləri eşidən uşaq necə olar?

Bu vərəqi atam cibindən çıxartmırdı. Artıq Azərbaycan müstəqilliyini bərpa etmişdi. Düzdür, Rusiya hələ də bunu qəbul etmək istəmirdi, millət hələ də meydanlarda idi. Sən demə, bu vərəq bir il sonra da lazım olacaqdı...

20 Yanvar faciəsi törədildi. Əsas hadisələr Bakıda baş versə də rus əsgərləri tanklarla Sumqayıtda da dolaşırdı. Onlar işıq gələn pəncərələrə güllə atırdılar. Atam da bizə tapşırdı ki, axşamlar işıqları, televizoru söndürək. Bunu eşidən uşaq necə olar?

Demək, ölüm hər an bizi gözləyirdi. Demək, atam da evdən sağ çıxıb geriyə dönməyə bilərdi...

İnformasiya blokadasi vardı. Bakıda baş verənlərdən yalnız ağızdan-ağıza məlumat ala bilirdik. Bilirdik ki, Bakıda minlərlə insan gülləyə tuş gəlib, tankin altında qalıb. Anam hər gün ağlayırdı. O vaxt mobil telefon yox idi, Bakıda yaşayan xalam barəsində məlumat ala bilmirdik. Bir neçə gün sonra xalam bizə gələndə keçirdiyimiz sevincimizi bugünkü kimi xatırlayıram. Anam onu qapıda görəndə o qədər ağladı ki...

Atam yenə də bizə işıqları, televizoru söndürməyi, küçəyə, hətta eyvana belə çıxmamağı tapşırdı. Özü isə hadisələrdən xəbər tutmaq adıyla evdən çıxırdı. Amma sən demə, o da tankların qarşısına keçmək istəyənlərlə bir yerə toplaşıbmış. Bunu bizə sonradan etiraf etdi. Hətta Bakıya getməyə hazırlaşırmışlar, amma yollar bağlı olub. Həmin gün postda Bakıdan Sumqayıta, Sumqayıtdan Bakıya maşınlar buraxılmırdı.

O vərəq hələ də atamın cibində idi... 20 Yanvar şəhidlərini ağlayan millətin göz yaşı hələ qurumamış Qarabağda gərginlik başladı. Hadrutda yaşayan nənəm bizə xəbər yolladı ki, ermənilər hər gün atəş açır, azərbaycanlıları qətlə yetirirlər. Həm də Sumqayıt və Bakıdakı vəziyyətdən narahat idi və bizim Hadruta – evimizə qayıtmağımızı istədi. Sən demə, əsl müsibət bizi orada gözləyirmiş. Kənd camaatı özünümüdafiə batalyonu yaratmışdı. Atam da həmin könüllü batalyonlardan birinin komandiri idi. Həmin vərəqi cibindən çıxarmaq qismət olmadi.

Və müharibə, köçkünlük həyatı başladı. 1994-cü il idi. Biz yenə Sumqayıtda idik. Amma atam müharibə bölgəsində qalırdi ki, geri qayıdacağıq. Ancaq yaxın zamanda geri qayıtmayacağımızı anladı və həmin vərəq cibində geri - bizim yanımıza Sumqayıta döndü. Atam sanki 50 il qocalmışdı, saçları ağappaq idi.

O adam artiq 1988-ci ildə ev ünvanımız və adlarımız olan vərəqi cibinə qoyub çıxan adam deyildi. O adam tikdiyi evi gözləri qarşısında yanan, atasi və qohum-əqrəbasının qəbri ermənilərin murdar ayaqları altında qalan, qardaşı sayılan əmisi oğlu, qohumları, dostları gözləri qarşısında şəhid olan, doğulub-böyüdüyü el-obasını itirən adam idi. Çox sonralar o vərəqi güclə atamın cibindən çıxara bildik....

Hər kəs sadəcə yurd-yuvasını qorumaq istəyirdi

Biz Hadrutu 1991-ci ilin noyabrında tərk etdik. Elə tərk etdik ki, illərdir həmin günü təsvir etməyə hələ də söz və ifadə tapmıram. Atamı həmin gün gördüyüm yadımdadır. İşğal xəbərin eşitdik, atamdan isə hələ də xəbər yox idi. Onu bir də nə vaxt gördüyüm yadımda deyil. Görürdüm, ancaq yuxularımda. Bunun hansının nə vaxt real olduğunu unutmuşam.

Birinci Qarabağ müharibəsində çox ciddi döyüşlərdən biri də Hadrut və ətrafında gedib. Əslində elə münaqişə və müharibə də oradan başlamışdı. Birinci Qarabağ müharibəsində 33 könüllü batalyon olub, atam dayısı Bəyalı ilə “Tuğ ərazi milli-müdafiə batalyonu”nu yaradıb və onun komandiri olub (1992-ci il fevralın 15-də). Silahlı münaqişə 1991-ci ilin əvvəllərində başladı. Onda biz Sumqayıtdan kəndə qayıtdıq. Münaqişə get-gedə böyüyərək müharibəyə çevrildi. Atışma başlayanda bizi - yəni qadın və uşaqları Füzuliyə göndərirdilər, ara sakitləşəndə yenidən kəndə qayıdırdıq. Ovaxtkı hərbi durum, ordu, silah-sursatın vəziyyətini bilirsiniz, yalnız hər kəsin öz gücü hesabına... Amma heç kim kəndini, yurd-yuvasını tərk etməyi düşünmürdü. Hətta ailəsi və uşaqları təhlükə altında olmasına baxmayaraq... Yəni heç nə, heç kim gözə görünmürdü, hər kəs sadəcə yurd-yuvasını qorumaq istəyirdi, bir addım belə geri çəkilməyi düşünürdü.

Lakin hadisələr başqa cür cərəyan etməyə başladı. 1991-ci il oktyabrın 31-də Tuğ kəndi, noyabrın 3-dən 4-ə keçən gecə isə Salakətin işğal edilir. Və növbəti dəfə kişilər qadın və uşaqları Füzuliyə göndərirlər... Həmin gün, həmin gecə biz ata-baba yurdumuzdan birdəfəlik çıxdıq və bir daha geri dönmədik...

Gəlinciyimi qoruyurdum

Həyatımda heç vaxt unutmayacağım soyuq, qarlı, şaxtalı noyabr gecəsi... Palçıqlı, çala-çökür yollarla, vahimə, qorxu, həyəcan nə bilim ee, yaşaya biləcəyiniz ən dəhşətli hisslərlə... Çəpərdən keçəndə yıxılmışdım, qolum çıxmışdı, çünki əlimdən tutan yox idi, iki balaca bacım anam və nənəmin qucağında idi. Mən də salamat qoluma özümlə götürdüyüm gəlinciyimi götürüb, onu qoruyurdum... Təsəvvür edin, uşağın qolu çıxıb, heç kim bunun fərqində deyil, səsimi də çıxarmırdım, onsuz da mənə baxan olmayacaqdı... Qadınlardan bəzilərinə silah vermişdilər, “gördünüz erməni gəldi bir-birinizi, sonra özünüzü öldürün” demişdilər. Qəbiristanlıqlarla, meşə ilə gizlənə-gizlənə bütün gecə piyada Füzuliyə gəldik, bizim ailə - anam, nənəm, 1, 3 və 5 yaşında 3 qız, bibim, 3 oğlu və digər qohumlarımız babamın evinə, digərləri isə Füzulidə başqa qohumun evinə gəlib çata bildik.

Kənddə qoyub gəldiyimiz kişilər isə artıq mühasirəyə düşmüşdülər. Noyabrdan yanvara kimi onlardan xəbərimiz olmadı. Kim ölüb, kim qalıb heç kim bilmirdi. Yalnız babamın evinin eyvanından çıxıb üzü Hadrutdan qalxan alovlara baxır, hər gün ağlaşırdıq. Füzulinin küçələri sanki böyük bir yas yeri idi...

1992-ci il yanvarın 9-dan 10-na keçən gecə isə Hadrutun son kəndi Axullu işğal edildi. Cəmi 13 kişi mühasirədən çıxa bilir, bir nəfər isə yaralanır və bir neçə gün sonra şəhid olur. Bununla da Hadrut və ətraf ərazilər tam erməni işğalı altına keçir. Sonra isə bildiyiniz dəhşətli günlər başlayır. Biz isə atamın üzünü heç yadımda deyil neçə aydan sonra gördük. Gecələrin gündüzə, gündüzlərin gecəyə qarışdığı günlər... Hər gün Füzuli məscidinin həyətinə gedirdik. Şəhidləri ora da gətirirdilər. Məscidin həyətində balaca hovuz kimi yer var idi, deyəsən, dəstamaz yeri idi, ürəyi gedən, üzü qanlı, saçlarını yolan qadınları gətirib orada oturdurdular.

Elə bildik gətirilən atamdır...

Bir gün də dedilər Qəhrəmanı gətirirlər, elə bildik atamdır, qışqırıq, ağlaşma... Sən demə qohumumuz Qəhrəman əmi və oğlu Səbuhini gətirirmişlər, əsir götürülmüşdülər, ata-bala və başqa bir neçə nəfər. Ermənilərin atanın gözünün qarşısında oğulun, oğulun gözünün qarşısında atanın başına açdığı dəhşətlər… Ermənilər tanıyırdı ata-balanı, çünki onları qonşuluqda yaşayan ermənilər əsir götürmüşdülər. Əslində götürə bilməzdilər, sadəcə ata yaralanır, oğlu onu qoyub getmir, 18 yaşlı uşağın canlı-cəsədli atasını daşımağa gücü çatmır, həm də ac-susuz, taqətsiz olur, ermənilər də gəlir tapır, əsir götürür. Deyirdilər Səyyarə mama özü “yuyat yeri”nə girib, əri və oğlunu yuyub.

Qəhrəman deyəndə elə bilmişdim atamdı. Necə olaram - dilim batdı, aylarla danışa bilmədim, sonra nə qədər dedilər ki, bəs atan deyil, əmindir, nə bilim, uşağam axı, elə bilirdim aldadırlar. Çox zaman keçdi... atamı görənə qədər danışmadım, sonra yadımda deyil, yuxudamı gördüm, gerçəkdəmi gördüm, dedim “ata, nə vaxt gəlmisən?”. Sonra anam dedi ki, atan gəlib sizi öpüb getdi...

1991-ci ilin soyuq, şaxtalı noyabr ayında 6 yaşımda əlimdə gəlinciyim, qorxu, təşviş içində tərk etdiyim doğulduğum Hadruta düz 30 il sonra - isti iyun ayında yenə gəlinciyimlə döndüm. Bu, mənim müqəddəs günüm idi!

İnsanı yaşadan hava

30 il hər gün bu mənzərəni xəyal etmişəm, gündə ən azı 2-3 dəfə bu anı yaşamışam. 1991-ci il noyabrın 9-dan 10-a keçən gecə gəlinciyimlə getdik. Həmin gün mənim üçün dünyanın ən soyuq günü idi. Ömür boyu bu soyuğu iliklərimdə yaşamışam, ilin hər fəslində ayaqlarım, əllərim üşüyüb. Əllərim donurdu, amma onu bərk-bərk qucaqlamışdım, sinəmə sıxmışdım, qollarım arasında yalnız onu hiss edirdim.

Dünyanın ən isti günündə isə gəldik. Yenə də qollarımda həmin gəlincik... Artıq hiss etmirdim, onu yaşayırdım. Yolboyu söhbət etdik. Oyananda ilk gördüyüm, yatanda son gördüyüm gəlinciyim olub, özümə baxanda yalnız onu görmüşəm. Birlikdə bu günü xəyal edə-edə yaşadıq. Amma böyümədik... Müqəddəs günümdə 30 ili bir günə sığdırmağa çalışdım. Yıxıldım, qalxdım, qaçdım, ağladım, güldüm, bağçanı, məktəbi, evləri, binaları, ağacları, yolları tanımağa çalışdım...

İlk ayağımı qoyduğum yolda qarşıdan iki xanım bir balaca qıvrımsaç qızın əllərindən tutub mənə tərəf gəlirdilər. Gözümü zillədim, gördüm anam və bağça müəlliməsi bibimqızı məni bağçadan gətirirlər. Ayağımın altına baxdım, bağçaya gedən həmin o qəmbərlik yolda dayanmışam... İrəli qaçdım və üzü üstə yerə yıxıldım. Xeyli yerdə qaldım, çünki mən burda heç doyunca qaçmamışdım, yıxılmamışdım. Yerə baxdım, göyə baxdım, - “buradır” dedim. Bibim qızının artıq 6 ildir ruhu ora köçüb, gəlib əlimdən tutdu “totuş, daş ayağına ilişdi yıxıldın, qalx, heç nə olmadı”, - deyib qaldırdı və dizimi sığallayıb əlimdən öpdü.

Nəhayət mən nəfəs aldım, mənə həyat verən havada bir daha nəfəs aldım. Doğrudan da insanın doğulduğu yerin, ilk nəfəsinə çəkdiyi hava onu yaşadan havadır, onun havasıdır. Yəqin ki, bunun tibbi, bioloji açıqlaması var. Biz sadəcə bunu hiss və dərk edirik.

Ətrafı tam olaraq yada sala bilməsəm də hər şey mənə o qədər doğma idi ki... Sanki "yaxınlaş, tanıyacaqsan" deyirdilər. Müqəddəs torpağımda yeridim, ətrafa baxdım. Amma nə gözlərim doydu, nə ayaqlarım, nə özüm. Sanki uşaqlığımla salamlaşmağım və sağollaşmağım bir neçə dəqiqə çəkdi. Bir şey dəyişilməz qalıb - gözəlim Hadrut o vaxt da mənim başından ayağına gedər bilməyəcəyim qədər böyük idi, indi də...

Mənim kimi minlərlə insana bu anları yaşatmaq üçün canını qurban verən şəhidlərimizi ömür boyu təşəkkür və minnətlə anacağıq.

Hamısını gördüm və salamladım. Onlar gülümsəyirdi deyə mən də gülümsədim...

Yenə gələcəyik və bu dəfə həmişəlik!

Həmin gün yaşadığım duyğuları heç vaxt yaşamamışdım, düşünürəm ki, yaşamayacam da.

Həmin gün sanki başqa bir insan olmuşdum, bir gündə həm uşaq oldum, həm böyüdüm. Necə ki, oradan çıxan gün uşaqkən böyümüşdüm. Bir gündə 4 mövsüm yaşadım, bir gündə yerin-göyün bütün təbəqələrinə qalxdım, endim. Bir gündə bir ömür yaşadım, orada yaşamadığım illəri... Amma həmin illər üstümə elə gəldi ki, nəfəsim kəsildi, boğuldum, ağır gəldi, təngnəfəs oldum, daşıya bilmədim... Yenə gəlinciyimə sarıldım. 30 il əvvəl olduğu kimi.

Son dəfə Hadrutdan çıxanda qayıdacağıq deyə təkcə gəlinciyimi götürmüşdüm. Bizim düşündüyümüz bir neçə gün 30 il oldu. Amma indi istədiyim vaxt gözümü açdığım gözəllikləri görə bilməyin, ilk dəfə möhtəşəm havasını içimə çəkdiyim doğulduğum torpağa gedə bilməyin rahatlığını yaşayıram. Bu rahatlıq heç birimizə asan başa gəlmədi. Biz bunu yaşayaq deyə minlərlə can qurban oldu. Ən böyük istəyim onların ruhlarının şad olmasıdır.

30 il hər fürsətdə bu cümlələri demişəm, dinləsələr də, dinləməsələr də, bezmədən, usanmadan təkrarlamışam: “Biz hadrutluyuq, mən orada doğulmuşam. Hadrut Azərbaycanın ən qədim qəsəbələrindən biridir. Lap əvvəllər Ağoğlan deyiblər. Qarabağın cənub qapısıdır. Atam, babalarım da orada doğulub. Azıx mağarası olan yer. Üzeyir Hacıbəyli Qori seminariyasını bitirdikdən sonra müəllim fəaliyyətinə Hadrutda başlayıb”. Lakin indi qürur duyuram ki, 2020-ci il oktyabrın 9-da işğaldan azad ediləndən sonra Hadrutu bütün dünya tanıyır. Artıq hər kəs mənə Hadrutun gözəlliyindən danışır və oralı olduğum üçün mənə yaxşı mənada fərqli münasibət göstərirlər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə bizi tarixi torpaqlarımıza qovuşduran şəhidlərimizə, qazilərimizə, Ordumuza təşəkkür edirik. Artıq Qarabağla bağlı yalnız xoş xatirələr yaddaşlarımızda daha böyük yer tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top