ABŞ Rusiyanı tədricən çökdürmək istəyir — Ekspert

DÜNYA 23 fev 2024, 23:27
 ABŞ ixrac məhdudiyyətli tədbirlərini genişləndirərək Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq edib. Bu barədə ABŞ-nin Ticarət Nazirliyindən bildirilib. Məlumata görə, nazirlik Rusiyanın 63, Türkiyənin 16, Çinin 8, Qırğız Respublikasının isə 2 şirkətinə sanksiya tətbiq edib.Qeyd olunub ki, siyahıya xarici ticarət, elektronika, sənaye avadanlıqlarının tədarükü, turizm sahələrində fəaliyyət göstərən şirkətlər daxil edilib. 

Habelə, Rusiyada müxtəlif vəzifələr tutan onlarla şəxsə qarşı da sanksiyalar tətbiq olunub.Bütövlükdə, Dövlət Departamenti xəttilə tətbiq edilən yeni sanksiyalar da nəzərə alınarsa, ABŞ-nin budəfəki anti-Rusiya məhdudiyyətlərinin hədəfləri 500-dən çoxdur. 

ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo “Reuters” agentliyinə müsahibəsində deyib ki, ABŞ Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə əlaqədar 500-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edəcək. O qeyd edib ki, digər ölkələrlə tərəfdaşlıq əsasında həyata keçirilən bu tədbirlər Rusiyanın hərbi-sənaye kompleksini və onun ehtiyac duyduğu mallara çıxışını asanlaşdıran üçüncü ölkələrdəki şirkətləri hədəf alacaq.

ABŞ ilə Rusiya arasında davam edən gərginliyi şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, Co Bayden və Vladimir Putin arasında münaqişə şəxsi sanksiyalar müstəvisinə keçib. Demokrat.az xəbər verir ki, ekspertin sözlərinə görə, ABŞ sanksiyalar olmadan da illərdir ki, Rusiyanın ətrafındakı halqanı daraldır və bunu daha çox enerji dəhlizləri üzərindən edir: 



“2013-cü ildə Rusiyanın milyardlar xərclədiyi “Yamal-Avropa-2” qaz kəmərinin tikintisi Amerikanın səyi ilə Polşa tərəfindən  dayandırıldı. 2014-cü ildə amerikalı konqresmenlərlə görüşdən sonra Bolqarıstanın Baş naziri Rusiyanın “Cənub Axını” kəmərinin tikintisinin Bolqarıstan ərazisində yarımçıq saxlanıldığını elan etdi. Ölkələrdən keçən kəmərlərində problem çıxarıldığına görə Rusiya dənizlərin dibləri ilə kəmərlər inşa etməyə başladı. Onda da dənizin dibində kəmərləri sıradan çıxartdılar. İllik 110 milyard kubmetr qaz ixrac edə bilən “Şimal Axını” kəmərlər sistemi isə Şimal dənizinin dibində partladıldı. Diametri az qala 1,5 metrə çatan 4 boru kəmərindən 3-ü duzlu dəniz suyu ilə doldu və karroziya səbəbindən heç indidən sonra da istifadəyə yaramayacaq”. 

Ekspert əlavə edib ki, ABŞ Rusiyanı birdəfəlik deyil, tədricən, yavaş-yavaş çökdürmək siyasətini əvvəldən məharətlə davam etdirir: 

“Bir həqiqəti anlamaq lazımdır ki, Amerika Rusiyanın qəfil çökməsini və ya parçalanmasını istəmir. Yoxsa, idarə edilə bilməyən xaos yarana bilər. ABŞ isə idarə edilə bilən xaoslar yaratmağı və idarə etməyi sevir və bacarır. Odur ki, bəzən Ukraynaya pul vermirəm şousu, bəzən də başqa şoular göstərir. Amma nə baş verirsə, “A” planının bir komponentidir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top