"Əgər 50 bal toplayanlara da 35 faizlik artım şamil olunacaqsa, sual yarana bilər ki..." — AÇIQLAMA

GÜNDƏM 13 fev 2024, 15:08
 Yardımlı rayon Vərgədüz kənd orta məktəbinin müəllimləri Elm və Təhsil Nazirliyinə müraciət ediblər. Cəbhə.info-nun məlumatına görə rəsmi şəkildə edilən müraciət sertifikasiya imtahanından 50 balla keçən müəllimlərin əməkhaqqına edilən artımla bağlı olub. Müəllimlər 35 faizlik artımın 50 bal toplayanlara da şamil olunmasını istəyirlər.  Əlavə olaraq təklif edilib ki, sertifikasiya imtahanındakı qaydalara yenidən baxılsın: “Ümumiyyətlə, dəfələrlə yazılı müraciətlər olub. Təkcə 50 bal toplayan müəllimlərlə bağlı deyil, ümumiyyətlə, təklif etmişik. Biz 80%-dən yüksək nəticə göstərmiş müəllimlərlə bağlı dəyişiklik istəyirik. Həmçinin imtahanın 5 ildən bir yox, hər il keçirilməsini təklif edirik, yəni müəllimlər hər il gedib nəticələrini yaxşılaşdırsınlar”. 

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında qeyd edib ki, sertifikasiyanın keçirilməsində məqsəd daha perspektivli şəxsləri müəyyənləşdirmək və onları təhsil sferasında saxlamaqdır:



“Təhsil proqramlarından, mövcud təhsil standartlarından xəbərsiz, öz fənnini bilməyən müəllimləri isə müvafiq olaraq təhsil sistemindən kənarlaşdırmaqdır. Əgər cəmiyyətdə normal bilik və bacarıqlara sahib şəxslərin yetişməsini istəyiriksə, onlara dərs deyən insanlar da geniş bilik və təcrübəyə sahib olmalıdırlar. 

Sertifikasiya imtahanında 51 və daha yuxarı bal toplayan müəllimlərin əməkhaqqısına 35 faizlik artım edilir. 30-50 bal arası nəticə göstərənlər isə əməkhaqqında 10 faizlik artımdan yararlanırlar. Bu qaydalarda hər hansı bir dəyişiklik nəzərdə tutulmur. Elm və təhsil naziri Emin Əmrullayev də bu barədə bildirib. Konkret müsabiqə şərti var, kim daha yaxşı nəticə əldə etmək istəyirsə, daha çox çalışmalıdır. Əgər 50 bal toplayanlara da 35 faizlik artım şamil olunacaqsa, sual yarana bilər ki, nə üçün 29 bal toplayanlar müvafiq müsabiqə şərtini ödəməmiş hesab olunurlar? Və ya 49 bal toplayanlar da 35 faizlik artım edilməsini istəyə bilərlər. Bunun üçün də konkret meyarlar qəbul olunub. Buna əsasən də Elm və Təhsil Nazirliyi müvafiq qurumlarla birgə hansı intervalda neçə faizlik əməkhaqqı artımı olacağına dair öncədən məlumat verir. Nazirlər Kabinetinin də bu məsələ ilə bağlı müvafiq qərarı var”.

TörəZeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top