“Kaş, bütün nazirliklərimiz belə işləsin...” — “Şərəf” ordenli Əməkdar incəsənət xadiminin təəssüratları

MƏDƏNİYYƏT 07 fev 2024, 14:35
Xəbər verdiyimiz kimi, fevralın 6-da Mədəniyyət Nazirliyində müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edilib. Görkəmli ədəbiyyat xadimi Demokrat.az-a açıqlamasında təəssüratlarını bölüşüb:

“Cənab Prezidentə təşəkkür edirəm ki, mənim kiçik zəhmətimə belə böyük qiymət verib. Ordeni təqdim edən mədəniyyət naziri Adil Kərimliyə də dərin minnətdarlığımı bildirirəm. Mədəniyyət sahəsindəki problemlər ətrafında səmimi söhbət etdik. Artıq neçənci dəfədir deyirəm ki, nəhayət, adekvat mədəniyyət nazirimiz var. İnanın ki, gecə-gündüz ancaq mədəniyyət məsələlərindən danışır, problemlərin həllinə çalışır. Tez-tez mədəniyyət xadimləri ilə görüşlər keçirir, söhbətlər edir, maraqlanır. Nazirliyin işçisi deyiləm, amma sözün düzünü də demək lazımdır... Son il yarımda tez-tez nazirlikdə oluram, rəyimi soruşurlar. Şuşada tez-tez Adil müəllimlə görüşürük. Kaş bütün nazirliklərimiz belə işləsin... Həmişə mənfi fikirdə olmuşam, demişəm ki, Mədəniyyət, Təhsil, Səhiyyə Nazirlikləri kimə lazımdır, əgər bütün işləri Heydər Əliyev Fondu görəcəksə. Çünki əvvəllər bu sahələrdə vəziyyət indiki kimi deyildi. Bir sənətkar xəstələnirdi, Heydər Əliyev Fondu xəbər tutanda ona tez diqqət göstərilirdi. Belə idisə, birbaşa cavabdeh olan qurumlar kimə lazım idi?! Nəhayət, Mədəniyyət Nazirliyinin fəaliyyətində müsbət dəyişikliklər görürük”.

Baba Vəziroğlu 7 fevral seçkilərindən sonra mədəniyyət sahəsində görmək istədiyi yeniliklərdən da danışıb:

“Dediyim kimi, artıq bu dəyişikliklər başlayıb. Prezident yeni çağırışlar elan edib. Torpaqlarımızın işğaldan azad olunması yeni çağırışları gündəmə gətirir. Yeni konsepsiyaların qurulması prosesi gedir, islahatlardan söz açılır. İnşallah, mədəniyyət xadimləri olaraq biz də proseslərə öz təhfəmizi verərik”.

Qeyd edək ki, yanvarın 11-də Prezident İlham Əliyevin Sərəncamına əsasən, 70 yaşlı Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.
 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top