AZAL BMT-nin Qlobal Sazişinə qoşulub

İNFRASTRUKTUR 31 yan 2024, 14:46
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Birləşmiş Millətlər Təşkilanın (BMT) Qlobal Sazişinə üzv olduğunu elan edib.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Modern.az-a verilən xəbər görə, Qlobal Saziş BMT-nin himayəsi altında həyata keçirilən bir təşəbbüsdür. O, biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır.

Aviaşirkətin Qlobal Sazişə üzv olması Dayanıqlı İnkişaf Məqsədləri, eləcə də ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqini əhatə edir. Bu sazişə qoşulmaqla aviaşirkət, həmçinin insan haqları, işçilərin hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Qlobal Sazişin 10 prinsipinə əməl etməyi öhdəsinə götürür.

“Bu təşəbbüsə qoşulmaq AZAL üçün əlamətdar bir hadisədir. Aviaşirkət dayanıqlı inkişafa və məsuliyyətli biznes təcrübələrinə yönümlü olduğunu təsdiqləyir ki, bu da onun etibarlı aviadaşıyıcı kimi beynəlxalq nüfuzunu gücləndirir. Təşəbbüs prinsiplərini öz fəaliyyətinə inteqrasiya edən AZAL beynəlxalq arenada mülki aviasiya sahəsində lider aviaşirkətlərdən biri olmağı hədəfləyir”, — deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev bildirib.

Saziş çərçivəsində AZAL ekoloji, sosial və korporativ idarəetmə sahəsində fəaliyyətlər həyata keçirəcək. Aviaşirkət 2023-2030-cu illəri əhatə edən öz davamlı inkişaf strategiyasının prioritetlərinə əməl edərək, əməkdaşları üçün rahat iş şəraitinin yaradılması, gender bərabərliyini təşviqi və digər mövzuları əhatə edən layihələr planlaşdırır.

AZAL dayanıqlı inkişaf və sosial məsuliyyətə sadiqliyini nümayiş etdirən bir sıra təşəbbüsləri artıq reallaşdırıb. Bu təşəbbüslərə donanmanın modernləşdirilməsi və CO2 emissiyalarının azaldılması üçün üç yeni “Airbus A320neo” təyyarələrinin alınması, müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək, o cümlədən ədalətli əmək təcrübələri, işçilərin inkişafı proqramları və digər tədbirlərin həyata keçirilməsi daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top