Ermənistanda Konstitusiya dəyişiklikləri — Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ləğv olunacaqmı?

XARİCİ SİYASƏT 24 yan 2024, 16:38
Məlum olduğu kimi, Ermənistanda Baş nazir Nikol Paşinyanın təklifi ilə yeni Konstitusiyanın qəbul ediləcəyi gözlənilir.

Məlumata görə, Ermənistanın yeni Konstitusiyası Azərbaycan lideri İlham Əliyevin tələbi ilə baş tutacaq. 

Diplomatik mənbələrin bildirdiyinə görə, İlham Əliyev sülh müqaviləsi layihəsində həmin tələbi yazılı şəkildə belə qeyd edib: "Ermənistanın daxili qanunvericiliyi uyğunlaşdırılmalıdır ki, sülh müqaviləsi bağlayan tərəflərin bir-birinə qarşı ərazi iddiaları olmasın".

Maraqlıdır, Ermənistan Konstitusiyasına başqa hansı dəyişikliklər ola bilər? Ermənistanın gerbindəki Ağrı dağı götürülə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq İlyas Hüseynov bildirdi ki, Ermənistan tərəfi yeni Konstitusiyaya ehtiyac olduğunu da dəfələrlə qeyd edib.

Onun sözlərinə görə, bu, həm də yeni reallıqlarla bağlıdır, çünki əvvəlki Konstitusiya illər öncə qəbul olunmuşdu və bu Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları da var idi:

"İstinadlar, bir sıra qanunvericilik məsələləri də onu deyirdi ki, Ermənistan həmin dövr işğal reallıqları ilə yaşayırdı. Bu gün reallıqlar dəyişib və eyni zamanda Ermənistanın hazırkı lideri ölkəsini başqa bir mərhələyə daşımaq və yeni reallıqlar şəraitində öz xalqını da yeni bir dövrə çıxartmaq məqsədləri güdür. Ən azından Paşinyanın çıxışlarında biz bunu görürük. Reallıqlar isə onu deyir ki, regionda həm də sülhə qarşı çıxan qüvvələr mövcuddur. Biz əlbəttə, onu istərdik ki, Azərbaycana, eyni zamanda Türkiyəyə qarşı ərazi iddiaları Ermənistanın əsas sənədində yer almasın. Nikol Paşinyan Konstitusiya ilə yanaşı, həm də gerbdə olan dəyişiklik haqqında fikir bildirmişdi. Yəni Ağrı dağın milli simvola çevrilməsi, Ağrı dağa qayıtmaqla bağlı milli ideologiyanın formalaşması, onun gənc nəslə təlqin edilməsi, təhsil və elm sahəsində, tərbiyə sahəsində onun bir milli dəyənəyə çevrilməsi, əlbəttə, qəbulolunmazdır. Ağrı dağı Türkiyənin ərazisidir və Türkiyə ərazisinə qarşı iddiaların səslənməsi də tamamamilə absurddur. Türkiyə siyasi, iqtisadi, geopolitik nöqteyi nəzərdən güclü bir dövlətdir. Türkiyə NATO-dakı ikinci böyük orduya malik olan dövlətdir".



Politoloqun fikrincə, ayrı-ayrı dövlətlərin geosiyasi layihə kimi nəzərdən keçirdiyi Ermənistan dövləti Türkiyəyə qarşı müharibə edərək ərazilərin qaytarılmasını düşünə də bilməz, xəyal da edə bilməz və bu mifologiyadan ölkə azad olunmalıdır.

"Bunun üçün hüquqi islahatlar, dəyişikliklər edilməlidir. Bunu biz elə Vətən müharibəsindən öncə də deyirdik, indi də deyirik, sabah da deyəcəyik və əlbəttə ki, sülh istəyən dövlət öz Konstitusiyasında sülhə uyğun bir münbit şərait yaratmalıdır. Eyni zamanda burda bir uyğunsuzluq da yaranır ki, Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar irəli sürən, qondarma Artsaxla bağlı istinadlar edən bir dövlət bu gün sülhün astanasındadır. Sülh müqaviləsini imzalamaq artıq bir an məsələsinə qədər bəzən yaxınlaşır. Ona görə də burada bu dəyişikliklər Azərbaycanın yaratdığı yeni reallıqların nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan xalqının, Azərbaycanın güclü ordusunun reallıqlarıdır, qəhrəman şəhidlərimizin və qazilərimizin qanı, canı bahasına biz bu reallıqları yaradırıq. Bu reallıqların da yerinə yetməsinin və sülhün, təhlükəsizliyin hazırkı mərhələdə bərqərar olunması uğrunda da dövlətimiz güclü iradə nümayiş etdirir", - deyə İ.Hüseynov vurğuladı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top