Deputat: “Vətəndaşların əmək bazarına cəlb edilməsinə ehtiyac var”

SOSİAL 10 yan 2024, 17:39
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin sözlərinə görə, ölkədə qeyri-fəal əhali qruplarının əmək bazarına cəlb olunması ilə bağlı təkliflər hazırlanır. 

O bildirib ki, əmək bazarının araşdırılması, bu sahədə beynəlxalq təcrübənin müqayisəli təhlili üzrə 20-dən çox istiqamətdə araşdırma aparılıb və təhlil hazırlanıb: 

"Fərdi Günəş Enerjisi ilə bağlı özünüməşğulluq zərfinin araşdırılması aparılır. Eyni zamanda, işaxtarmayan (həvəsdən düşmüş) işsiz şəxslərin əmək bazarına qaytarılması istiqamətində beynəlxalq təcrübənin araşdırılması və təkliflərin hazırlanması nəzərdə tutulur. Həmçinin, işəgötürülmədə maneələr və işdənçıxarma ilə bağlı beynəlxalq təcrübənin araşdırılması və məşğulluğun davamlılığının təmin edilməsinə dair təkliflər də hazırlanır”, - M.Abbasbəyli qeyd edib. 


Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında qeyri-fəal əhalinin əmək bazarına cəlb edilməsinin vacib olduğunu vurğulayıb. 

O deyib ki, əmək bazarında iş yerləri ilə bağlı təklif və tələbin ödənilməsi, eyni zamanda qeyri-fəal işçi qüvvəsini təşkil edən vətəndaşların əmək bazarına cəlb edilməsinə ehtiyac var:
 
“Bu istiqamətdə görülən işlərin sürətləndirilməsi və daha çox vətəndaşın əmək bazarına cəlb edilməsi vacib hədəflərdən biridir. Yanaşmamız əmək bazarında həm özəl sektorun rolunun artırılması, həm də daha çox iş yerlərinin özəl sektor hesabına formalaşmasına nail olunmasıdır. 

Nəticə etibarilə bu gün muzdlu əhali qrupunun, yəni əmək müqaviləsi ilə işləyən şəxslərin yarıdan çoxu dövlət sektorunda çalışır. Bu baxımdan əmək bazarında özəl sektorun payının artırılması və iş yerlərinin özəl sektor hesabına formalaşmasına nail olmaq prioritetdir. Bu, məşğulluq sahəsində dayanıqlığı formalaşdıran amildir. 

Təkliflərimiz ondan ibarətdir ki, məşğulluğun formalaşmasında və əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayının artırılmasında özəl sektorun payı genişlənsin və bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi həyata keçirilsin. Bu, özəl sektor vasitəsilə daha çox iş yerlərinin təklif edilməsinə, nəticədə isə daha dayanıqlı məşğulluq siyasətinin və əmək bazarının formalaşmasına gətirib çıxara bilər”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top