MEDİA-nın peşəkar fəaliyyətə növbəti DƏSTƏYİ

GÜNDƏM 14 dek 2023, 22:11
Medianın İnkişafı Agentliyi öz konsepsiyasına uyğun olaraq mediamızın inkişafına mühüm töhfə verir. Bunu MEDİA-nın fəaliyyətində aydın hiss etmək mümkündür. Məsələ təkcə dövlətin mediaya dəstəyini koordinasiya etməkdən ibarət deyil, məsələ bu dəstəyin ədalətli və şəffaf şəkildə bölünməsi, ayrı-seçkilik etmədən işə, peşəkarlığa önəm verilməsidir.

Vaxtilə media sahəsindəki ədalətsizliyi, ayrı-seçkiliyi və peşəkar fəaliyyətin yox, qrup maraqlarının dəstəklənməsini görmüşük. Bu acınacaqlı mənzərə nəinki dövlətin mediaya verdiyi dəstəyin əhəmiyyətini azaldır, həm də medianın peşəkar fəaliyyətini axsadırdı. MEDİA Agentliyinin fəaliyyətə başlaması ilə bu qeyri-şəffaf, ədalətsiz mühit aradan qaldırıldı. Agentliyin yaradılma fəlsəfəsi də məhz dövlətin mediaya ayırdığı dəstəyin ünvanına çatdırılması, yəni qrup maraqlarına yox, peşəkar fəaliyyətə ayrılması idi. Agentlik bu işi uğurla həyata keçirir. Bunu onlayn və çap mediasına ayrılan maliyyə yardımlarında görmək mümkündür. 

MEDİA-nın onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş növbəti müsabiqənin nəticələri də prinsiplərə sadiqliyin davam etdiyini təsdiqlədi. Qaliblərin siyahısında öz işlərində peşəkar fəaliyyətləri ilə seçilən, lakin maliyyə imkanları məhdud olan media resursları üstünlük təşkil edir. Bu, əhəmiyyətli faktordur, çünki artıq media sahəsində oliqarxlaşmaya, qrup maraqlarına son qoyulub, indi peşəkar fəaliyyət və dövlət maraqları müsabiqələrdə əsas meyarları təşkil edir.

MEDİA-nın müsabiqələrinin nəticələrini bir neçə kontekstdə dəyərləndirə bilərik:

Birincisi, yeni media stimullaşdırılır, seçimlərdə “tapşırıq”, yaxud qrup maraqları aradan qalxıb;

İkincisi, ədalətli bölgü nəticəsində medianın peşəkar fəaliyyəti güclənib;

Üçüncüsü, əsas maliyyə mənbəyi Agentliyin müsabiqələri olan media resurslarının son illər fəaliyyətini araşdıranda ciddi şəkildə inkişaf etdiyini görmək mümkündür. Bu da məhz MEDİA-nın obyektiv, ədalətli yanaşma sərgiləməsi, dövlətin mediaya dəstəyini düzgün koordinasiya edə bilməsi sayəsində reallaşıb.

Agentliyin son müsabiqələrinin nəticələri də doğru dəyərləndirmə və ədalətli bölgü prinsipinin davam etdiyini təsdiqlədi.

Qaliblər arasında olan “Demokrat.az” saytının əsas maliyyə qaynağı MEDİA-nın müsabiqələridir və məhz bu dəstək sayəsində saytımız peşəkar fəaliyyətini rahat şəkildə həyata keçirə bilir, oxuculara və dövlət maraqlarına xidmət göstərir. Bizim peşəkar fəaliyyətimizi dəstəklədiyi üçün MEDİA Agentliyinə dərin təşəkkürümüzü bildiririk.


Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top