Su anbarlarının təmizlənməsinə diqqət artırılmalıdır — Xəstəliklərə səbəb ola bilər

SOSİAL 08 dek 2023, 19:26
Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə 2023-cü ilin Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda ümumi həcmi 790 min kubmetrdən çox olan 987 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulub. Bildirilib ki, Agentliyin balansında olmayan və mənzil-tikinti kooperativlərinə məxsus su anbarları da ildə ən azı bir dəfə yuyulub təmizlənməlidir: “Bununla bağlı mənzil tikinti kooperativləri məlumatlandırılır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün anbarların yuyulub-təmizlənməsinin zəruri olduğu onların diqqətinə çatdırılır. Mənzil tikinti kooperativləri su anbarlarının yuyulub təmizlənməsi üçün bu sahədə ixtisaslaşmış təşkilatlara və ya yerli sukanal idarələrinə müraciət edə bilər. Anbarların yuyulması tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq kooperativlərin vəsaiti hesabına həyata keçirilir. Yuyulub-təmizlənmiş anbarların istismarına Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında icazə verilir”.

Ekoloq Rövşən Abbasovun sözlərinə görə, anbarların təmizlənməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir.

O, Demokrat.az-a açıqlamasında bildirib ki, müvafiq təşkilatlar anbarların yuyulub təmizlənməsinə müntəzəm nəzarət etməlidir:



“Təklif edirəm ki, bu məsələ ilə Qida Ehtiyatları Agentliyi və sanitariya-gigiyena idarələri məşğul olsun. Bakı şəhərinə gələn su təmizlənərək əhaliyə verilir. Lakin su borularda və anbarlarda yenidən codlaşır. Codlaşma kalsium və maqnezium ionlarının artması hadisəsidir. Suyun codluğunun normadan artıq olması məişət texnikasının sıradan çıxmasına səbəb olur. İnsanın uzun müddət cod su işməsi yolverilməzdir. Bu, orqanizmə normadan artıq mineralların getməsinə səbəb olur, nəticədə müəyyən xəstəliklər – böyrəklərdə daş əmələ gəlməsinə, ürək xəstəliklərinə gətirib çıxara bilər. Anbarların vaxtı-vaxtında təmizlənməsi evlərə, məktəblərə, ofislərə verilən içməli suyun keyfiyyətini artırır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top