"Evli kişi və ya evli xanımla birlikdə olmağın “komfortu” ondandır ki..." — Qalmaqallı psixoloqdan yeni AÇIQLAMA

GÜNDƏM 05 dek 2023, 21:59

“İnsanlar həyatın hər sahəsində olduğu kimi münasibətlərdə də arxayınlıq axtarırlar”.

Bunu məşhur psixoloq Əfsanə Rüstəmova “Cebhe.info”ya açıqlamasında deyib.

O bildirib ki, münasibətdə idarəetmənin sizdə olmadığını bildikdə arxayın olursunuz:

“Məsələn, arxayınlıq axtaranların böyük əksəriyyəti dini inancı da arxayınlıq kimi görür. Düşünürlər ki, dinin verdiyi sistemlə getdikdə sonda yaxşı bir mükafat alacaqlar. Yəni din ən böyük arxayınlıq səbəbidir. Ona görə də insanlar münasibətlərdə də arxayınlıq axtarırlar. Bunu ancaq tərəflərin bir-birinə güvənməsi ilə təmin etmək olar. Əks halda, tərəflərdə bir-birinin səhvlərinin və eyiblərinin axtarışına başlayırlar. Bu isə münasibətə ziyan vurur və yorucu bir dönəmə səbəb olur”.

Psixoloq hazırda insanların bir-birinə olan etibarının hansı həddə olması barədə də danışıb:

“Əlbəttə ki, bu, müzakirəyə açıq mövzudur. Hazırda insanlar bir-birinə əvvəlki kimi etibar etmirlər. Bunun önəmli səbəblərindən biri də insanların informasiya alıcılarının artmasıdır. Yəni qulağımız, gözümüz, əlimiz və s. hər yerdən informasiya alır. Beləliklə, biz daha çox informasiya alırıq, özümüz yaşamasaq da daha çox neqativ təcrübə görürük.

Ümumiyyətlə, qoruyucu mexanizm özümüz olmayanda bizdə çox böyük arxayınlıq yaranır. Yəni biri var ki, mən müdir olaraq işçini idarə edirəm, biri də var müdir başqasıdır və mən sadəcə situasiyanı idarə edirəm.

Düşünürəm ki, münasibəti də buna bənzətmək olar. Yəni evli biri ilə münasibətdə onun “namusuna”, xəyanətinə, iradəsinə, güvəninə və puluna başqasının nəzarət edib, sənin isə sadəcə anlıq zövqdən faydalanman deməkdir. Çünki başqasının qazandığı pulu xərcləmək, özünün əziyyətlə qazandığını xərcləməkdən daha maraqlıdır. Hətta deyərdim ki, evli biri ilə münasibət çox böyük “komfort”dur”.

Həmsöhbətimizin sözlərinə görə, qarşı tərəfin kişi və ya qadın olmasından asılı olmayaraq, onu izləyənin başqası olduğuna arxayın oluruq:

“Yəni evli şəxsin həyatında olan insan ona xoşbəxtlik sahəsi yaradır. Təcrübə göstərir ki, bu günə qədər qadınlar daha çox evli kişilərlə münasibətdə olurdular.

Bu, onlar üçün daha “komfortlu” idi. İndi isə bəlkə kişilər də evli qadınlarla münasibətdə olmağa başlayıblar. Çünki kişilər artıq qadınların həyatına nəzarəti itirdikləri üçün məsuliyyətdən qurtulmağa çalışırlar. Yəni nəzarət mexanizmini başqasının üzərinə götürdüyü münasibətlərdə olmağı daha az yorucu qəbul edirlər.

Böyük ehtimalla, əsas motivlərdən biri budur. Bu, həm də maddi yükün və emosional ehtiyacın bölünməsidir. 

Həmçinin, insanın doyma həddi də artıb. Deməli, bir insan qarşı tərəfi qane edə bilmir. Əslində evli kişi və ya evli xanımla birlikdə olmağın “komfortu” ondandır ki, onu maddi, emosional və cinsi olaraq sadəcə sən təmin etməli deyilsən. İnsanlar hazırda tək bir şəxs üçün bu qədər çalışmaqdan yorulduğu üçün “komfort”da olacağı münasibətləri seçirlər”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top