"Həmin polis əməkdaşının işdən azad edilməsi həm də digərlərinə xəbərdarlıqdır" — AÇIQLAMA

GÜNDƏM 04 dek 2023, 18:20
“Bu, böyük şəxsi heyəti olan qurumun adına xələl gətirən davranışdır. Polis əməkdaşı müvazinətini qoruyub saxlamağı bacarmalıdır. Şəxsi heyət həmişə bu barədə təlimatlandırılır. Ekstremal və çətin situasiyalarda polis əməkdaşı öz davranışını tənzimləməyi bacarmalıdır. Təəssüf ki, məlum hadisədə polisi qıcıqlandıran faktorlar olsa da o buna əhəmiyyət verməməli, içdiyi anda sədaqət nümayiş etməli və ölkə Konstitusiyasının insan hüquqları ilə bağlı müddəalarına, polis və əməliyyat axtarışı barədə qəbul edilən qanunun tələblərinə uyğun davranmalı idi”.

Bunu Demokrat.az-a açıqlamasında “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib. O, eyni zamanda, cəmiyyətin belə hadisələri şişirtməsinin əleyhinə olduğunu da bildirib: 

“Çünki cinayətkarlarla mübarizə aparan bir qurumu tənqid etməklə sanki cinayətkar aləmə yaşıl işıq yandırmış oluruq. Bu, heç vaxt heç bir cəmiyyətə xeyir gətirməyib, bunun fərqində olmalıyıq. KİV və sosial şəbəkə istifadəçilərinə üzümü tutub deyirəm ki, belə halların şişirdilməsi cinayətkarlıqla mübarizədə səmərə verməyəcək. Hadisə barədə məlumatı aidiyyəti orqanlara çatdırmaq lazımi qərarın verilməsi üçün kifayət edəcəkdi. Hadisənin qabardılmasının, polisə qarşı etikadan kənar ifadələrin işlədilməsinin tərəfdarı deyiləm.



Daxili İşlər Nazirliyinin rəhbərliyi də məsələyə cəld reaksiya verdi, dərhal araşdırma aparıldı. Həmin polis əməkdaşı daxili işlər orqanlarından xaric edildi, bu həm də digər əməkdaşlara xəbərdarlıqdır. Hər bir polis əməkdaşı fəaliyyətini həyata keçirərkən insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır. Belə olarsa, polisin nüfuzuna da xələl gəlməz. Etiraf edim ki, bu qurumun fəaliyyətində cilalanmış, qəlibə salınmış davranış qaydalarından istifadə etmək çətin olur. Düşünürəm ki, indiki halda verilən qərar tamamilə doğrudur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən restoranlardan birində polis əməkdaşları ilə vətəndaşlar arasında insident yaşanıb. Polis serjantı Cavid Abbasov onu təhqir edən 12 yaşlı yeniyetməni döyüb. Əsəblərinə hakim ola bilməyərək vəzifə səlahiyyətlərini aşan C.Abbasov barəsində xidməti yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top