“Zəfəran, ay zəfəran!”: “Azərbaycan brendi olaraq dünya bazarlarına çıxarıla bilər”

SOSİAL 01 dek 2023, 17:44
Görkəmli sənətkar Mirzə Babayevin ifasında sevərək dinlədiyimiz “Zəfəran” mahnısının sözlərinin müəllifi şair Nüsrət Kəsəmənli öz misralarında bu bitkini gözəl təsvir edib: 

“Süfrələrin bəzəyi,
Şəfəqdəndir çiçəyi,
Çöllərin zərif qızı,
Güllərin dan ulduzu.
Açılmış süfrələrdə
Yerin görünər hər an,
Zəfəran, ay zəfəran!”

Milli mətbəximizdə özünəməxsus yer tutan, “paxlavanın, halvanın naxışı, dadı, çörəyin ləzzəti, xörəyin ətiri” olan zəfəranın yığımı noyabrın sonu, dekabrın əvvəllərində yekunlaşır. Ləzzəti və gözəl qoxusu ilə həm də min bir dərdin dərmanı olan bu qiymətli bitki təssüf ki, az becərilir, bazarlarda öz zəfəranımızdan çox İran, Çin istehsalı növü satılır.  

İqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, spesifik bitki olan zəfəran, əsasən, Bakıda yetişdirilir, ölkənin hər yerində bu bitkini əkmək mümkün deyil:

“Amma zəfəranın bir üstünlüyü var ki, Azərbaycan brendi olaraq dünya bazarlarına çıxarıla bilər. Hər ölkədə, hər iqlimdə yetişməyən bitkidir, məhsuldarlığı da bundan asılıdır. 

Son illər eşitməmişəm ki, zəfəranın yetişdirilməsinə dövlət dəstəyi olsun. Abşeron yarımadasında zəfəran istehsalının dəstəklənməsi ölkəyə valyuta gətirən yeni sahə ola bilər. Ölkə daxilində bunun alıcıları çox deyil, bazarı geniş deyil. Çünki zəfəran yetişdirilməsi daha çox kapital və işçi qüvvəsi tələb edir, buna görə də məhsulu bahadır. Elə adam var ki, illərlə mətbəxində zəfəran işlətmir və ya saxta, bir qədər ucuzundan istifadə edir. Zəfəran istehsalı dəstəklənsə, həm ölkədə insanların menyusuna daxil olar, həm də “made in Azerbaijan” adı altında dünya bazarlarında təqdim oluna bilər”. 

Ekspertin sözlərinə görə, dünyanın sivil ölkələrində bu bitkinin çox münbit bazarı var:


“Azərbaycan zəfəranı Sovetlər dövründən dünyaya tanışdır. Hesab edirəm ki, kənd təsərrüfatı sektorunda zəfəran becərilməsinə və istehsalına diqqət artırılmalıdır. Təssüf ki, hələ ki, Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə ciddi addımlar atmır. Yaxşı haldır ki, Bakı kəndlərində bu bitkinin kökü kəsilməyib, hələ də əkilir, məhsul yığımı olur. Bildiyim qədərilə az miqdarda da olsa xaricə ixracı da təşkil edilir”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top