Keyfiyyətli təhsil üçün sağlam qida vacibdir: Şagirdlər məktəbdə necə qidalanmalıdır?

GÜNDƏM 25 noyabr 2023, 22:26
Sağlam bədəndə sağlam ruh olar deyiblər. Bədənin sağlam olması üçün qidalanma əsas şərtdir. Orqanizmin tələb etdiyi vitaminləri yediyimiz qidalardan alırıq, sağlam qida immun sistemimizi gücləndirir, bədənimizi qüvvətləndirir, bizi xəstəliklərdən qoruyur. Uşaq vaxtı qəbul etdiyimiz qidalar bünövrəmizi formalaşdırır. Sağlam qidalanan uşaq böyüyəndə də bunu həyat tərzinə çevirir, beləliklə sağlam qidanı həyatının mühüm parçası edən insanın orqanizmi də daha sağlam olur. Beyinin fəaliyyəti də düzgün və bol vitaminli qida ilə sıx bağlıdır. Bu baxımdan məktəb yaşda uşaqların sağlam qidalanması cəmiyyətin marağında olmalıdır. 

Təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanaların vəziyyəti mütəmadi müzakirə olunur, xüsusən də məktəblərdə uşaqlara satılan qida növləri daim diqqət mərkəzindədir. Deputat İltizam Yusifov da Milli Məclisin iclasında bu məsələni gündəmə gətirib. O təklif edib ki, kiçik siniflərin şagirdləri və aztəminatlı ailələrin uşaqlarının məktəblərdə qidalanması dövlət hesabına həyata keçirilsin və buna nəzarət edilsin. 

Məktəblərdə qida təhlükəsizliyi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi nəzarət həyata keçirir, normaların pozulduğu təhsil müəssisələrinə xəbərdarlıq edilir. 



2022-2023-cü illər ərzində AQTA tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib. Yoxlamalar çərçivəsində müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınması, qida blokunun işçi heyətinin ilkin və dövri-tibbi müayinədən keçməsi, qida bloklarında yeyinti məhsullarının tədarükü, saxlanılması, etiketlənmə və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri və onları təsdiq edən müşayiətedici sənədlər, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu araşdırılıb və müvafiq aktlar tərtib edilib. Yoxlama zamanı 172 ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib ki, bunlardan 42-də inzibati məsuliyyət yaratmayan (qida təhlükəsizliyi qeydiyyatına alınmamaq), 130-da isə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib, nəticədə təhsil müəssisəsinin məsul şəxsləri inzibati məsuliyyətə cəlb olunublar.

Bundan başqa 2022-ci ildə Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu tərəfindən UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi həyata keçirildi. Əsasən 5-9-cu sinif şagirdləri arasında hərəsi 90 dəqiqə olmaqla aparılan seminarlarda qida təhlükəsizliyi, sağlam qidalanmaya dair bilik və bacarıqlar, həmçinin ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalara nəzarət mexanizmləri ilə bağlı məlumatlar verildi. 

Xatırladaq ki, təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil Müəssisəsində İaşə və Tibb Xidmətinin Təşkili Qaydası və Normalarının Təsdiq edilməsi haqqında” Qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” Qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.

Təhsil müəssisələrinin bufet və yeməkxanalarındakı vəziyyətlə bağlı Demokrat.az danışan qida mütəxəssisi Ağa Salamov deyib ki, rəhbərlik bu məsələdə son dərəcədə diqqətli olmalıdır: 

“Məktəb daxilində hazırlanan qidaların tərkibində istifadə olunan ət, balıq, yumurta, mayonez kimi məhsulların keyfiyyətinə nəzarət edilməlidir. Bu məhsulların aşağı keyfiyyətli olması və ya istifadə müddətinin bitməsi zəhərlənməyə səbəb ola bilər. Ətin rəngi və qoxusu onun keyfiyyətindən xəbər verir. Əgər onun rəngində və qoxusunda dəyişiklik varsa, yaxud şirə salıbsa, demək ki, istifadəyə yararlı deyil.  Bütün təhsil müəssisələrində, uşaq evlərində, bağçalarda qida zəncirinin bütün mərhələlərinə nəzarət edilməlidir. Qidanın qəbulu, saxlanılması, bişirilməsi və təqdimatı standartlara uyğun olmalıdır. Bunların icrasında ən kiçik səhlənkarlıq zəhərlənməyə səbəb ola bilər. Qida zəncirinin qırılması çox vaxt çarpaz çirklənmə nəticəsində baş verir. Yəni çirkli əllərdən, doğrama taxtasından, hətta bıçaqdan qidaya keçən patagen bakteriyalar çirklənməyə səbəb ola bilir”. 


Ekspert bildirib ki, bəzi bufetlərdə orqanizm üçün zərərli qidalar satılır:

“Uşaqlar günün çox hissəsini məktəbdə keçirirlər. Məktəb bufetlərində təqdim olunan menyular uşaqların orqanizminə uyğun hazırlanmalıdır, onlara hər qidanı vermək olmaz. Məsələn, rəngli içkilərin qəbul edilməsi düzgün deyil. Ümumiyyətlə, təhsil müəssisələrində zərərli taurin tərkibli enerji içkilərinin satışı qadağan edilməlidir. Bu içkilər müvəqqəti enerji verir, amma sonra yorğunluq və əzginlik yaradır. Bu həm sağlamlığa ziyandır, həm də şəxsin qavrama qabiliyyətini aşağı salır, dərsi mənimsəməsində çətinlik yaradır, beyin yorulur. Məktəbin mətbəxi də olmalıdır. İçki olaraq təbii meyvə şirələri, mövsüm meyvələrindən kompotlar hazırlana bilər. Uşaqlar dərin yağda bişən yeməklər, məsələn nagets, kartof fri yeməməlidir, “fast-food” qidalardan uzaq durmalıdırlar. Çünki bu qidalar trans yağda bişir. Bunların hazırlanmasında fritür yağlarından istifadə olunur. Trans yağlar uşaqların bağırsaq florasını korlayır, immuniteti zəiflədir”.  

A.Salamovun sözlərinə görə, təhsil müəssisələrində riskli qidalardan hər gün nümunələr götürülməlidir:

“Bunun üçün məktəbdə qida laboratoriyası və qida mütəxəssisi olmalıdır. Bu məsələ AQTA üçün prioritet olmalıdır, çünki qurum mütəmadi yoxlamalar aparsa da, zəhərlənmə hallarından heç bir məktəb, uşaq sığortalanmayıb. Qidaları səhərə saxlamaq olmaz. Təhsil müəssisələrində qidaların düzgün saxlanılması, bişirilməsi normalarından xəbərsiz işçilər çalışır. Belə olan halda keyfiyyətdən söhbət gedə bilməz. Onlara xüsusi təlimlər keçirilməlidir, qida zəncirinin bütün mərhələlərinə düzgün riayət etməlidirlər. 
 
AQTA-nın  yoxlamaları ciddi olmalıdır, bu məsələyə səthi yanaşmaq olmaz. Yoxlama zamanı birbaşa qidalardan nümunələr götürülməli, mikrobioloji çirklənməyə məruz qalıb-qalmaması, keyfiyyəti yoxlanmalıdır. Mövcud problemlərin qarşısının alınması üçün profilaktik tədbirlər, maarifləndirmə xarakterli təlimlər keçirilməli, işçilər, təhsil alanlar, həmçinin valideynlər, eləcə də təhsil müəssisəsinin rəhbərliyi bu mövzuda məlumatlandırılmalıdır, xüsusən də rəhbərlik böyük məsuliyyət daşıdığını anlamalıdır”. 

Təhsil eksperti Kamran Əsədov da sayta açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, dövlət orta məktəblərində bufetlərin vəziyyəti qənaətbəxş deyil: 


“2011-ci ildə Nazirlər Kabineti təhsil müəssisələrində gigiyenik qaydalarla bağlı sənəd imzalayıb. Bundan başqa Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təhsil müəssisələrində satışına icazə verilən qidalarla bağlı xüsusi göstərişləri var. Məktəbdə şagirdlərin sağlamlığının qorunması vacib məsələdir. Təəssüf ki, bufetlərdə qida ilə bağlı normalar gözlənilmir. Düşünürəm ki, bu sahədə ciddi yoxlamalar aparılmalıdır. Cəmiyyətimiz üçün şagirdlərin təkcə təhsil alması, savadlanması deyil, eyni zamanda onların sağlamlığının qorunması da prioritet məsələ olmalıdır. Qidalanma birbaşa beyinin fəaliyyətinə təsir göstərir. Uşaqlar rasional və balanslaşdırılmış şəkildə qidalanmalıdırlar. Sağlam qida uşaqlarda beyinin, intellektin, mərkəzi sinir sisteminin inkişafına ciddi təsir edir. Güclü qavrama qabiliyyətinə, analiz bacarığına sahib şagirdlər yetişdirmək istəyiriksə, onların sağlamlığı bizim üçün mühüm olmalıdır”. 

Ekspert xatırladıb ki, 2022-2023 tədris ilində bir neçə məktəbdə zəhərlənmə halları baş verdi. Bunun qarşısını almaq üçün məktəblərdə satılan məhsulların keyfiyyəti yoxlanılmalıdır: 

“Məktəb bufetlərini qida ilə təmin edən bəzi özəl şirkətlərin gigiyena və sanitariya normalarına əməl edib-etməməsi də ciddi müzakirə mövzusudur. Məktəblərdə bufetlərə nəzarət həm də valideyn-müəllim assosiasiyalarının işidir. Onlar qanunvericiliyə uyğun olaraq bufetlərdə satılan məhsulların sertifikatına, kefiyyətinə, son istifadə tarixinə nəzarət etməlidir. Yalnız bu qurumun fəaliyyəti yalnız kağız üzərindədir, bəlkə də bir çox valideynlərin bu səlahiyyətdən xəbərləri yoxdur. Bufetlər icarəyə verilir, onları işlədən şəxslər məktəb direktoruna və aidiyyatı qurumlara müəyyən məbləğ ödəyir. Ona görə də fəaliyyətlərinə göz yumulur”.

K.Əsədov dünya təcrübəsindən də nümunələr çəkib:

“Bəzi ölkələrdə məktəblərdə şagirdlərə isti yeməklər verilir. Ölkəmizdə də şagirdlər üçün bu cür qidalanma təşkil edilə bilər. Uşaqlar səhər tezdən günorta saatlarına qədər məktəbdə olurlar, dərsdən çıxan kimi isə repetitor yanına gedirlər. Normal qidalanmağa vaxtları olmur. Şagirdlərə məktəblərdə isti yemək verilməsi fikri gözəl təşəbbüsdür.

Məsələn, Finlandiyada dövlət məktəblərə bunun üçün illik vəsait ayırır və şagirdlərə isti yemək təşkil edilir. Hollandiyada isə şagirdin məktəbdə qidalanmasının pulunu valideyn ödəyir. Məktəblərdə dietoloqlar işləyir, onlar hər bir uşağa fərdi olaraq düzgün yemək rasionu müəyyən edirlər. Rusiya və Qırğızıstanda da məktəblərdə isti yemək verilir. Aztəminatlı ailələrdən gələn uşaqların qidalanma xərcini dövlət qarşılayır. Həkim və dietoloq məktəblərdə menyuların hazırlanmasına nəzarət edirlər.

Azərbaycanda da bəzi lisey və gimnaziyalarda Elm və Təhsil Nazirliyinin icazəsi və təsdiq olunmuş sənəd əsasında  isti yeməklər təklif edilir. Lakin dövlət ümumtəhsil məktəblərində bufetlərdə şagirdlərə isti yemək verməyə şərait yoxdur. Bufetdə iki işçi çalışır. Aşağı sinif şagirdlərinin sayı isə çoxdur. Onlara isti yemək paylamaq üçün personal sayı azdır. Şagirdlərin sayına uyğun stol, stul, qab-qacaq, isti yeməklərin saxlanılması üçün soyuducular da yoxdur”. 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ictimai və dövlət maraqlarının müdafiəsi mövzusunda yayımlanır. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 aprel 2025, 08:26
Top