Qarabağ Dirçəliş Fondundan 1.2 milyon dollarlıq kitab barədə AÇIQLAMA

SOSİAL 07 noy 2023, 16:37
Qarabağ Dirçəliş Fondunun "Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" adlı kitabın yazılması üçün Dubayda qeydiyyatdan keçmiş "Media Prima Advertising" şirkəti ilə 1.2 milyon manatlıq müqavilə imzaladığı barədə xəbərlər yayılıb.

Demokrat.az
xəbər verir ki, Fond sözügedən məlumatla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Qarabağ Dirçəliş Fondu genişmiqyaslı “Qarabağın səsi” kommunikasiya strategiyasını həyata keçirməyə başlayıb.

"Bu ilin əvvəlindən Qarabağ Dirçəliş Fondu bir sıra xarici ekspertlərlə birlikdə “Qarabağın səsi” adı altında hərtərəfli çoxkanallı kommunikasiya strategiyasının hazırlanması üzərində işə start verib. Həmin strategiya Qarabağ həqiqətləri, irimiqyaslı bərpa layihələrinin gedişatı, eləcə də onların bütün regionun davamlı gələcəyinin qurulmasına təsiri haqqında məlumatların ölkə daxilində və xaricində təşviq olunmasına xidmət edəcək", - məlumatda deyilir.

Fondun məlumatına görə, layihə çərçivəsində ilk növbədə “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabın yaradılması üzrə işlərə başlanılıb.

"Bu layihə təkcə kitab yazılması deyil, həm də xüsusi internet platformasının yaradılması, kitabın müxtəlif çap və rəqəmsal formatlarda nəşri, Azərbaycanda və xaricdə təqdimatı və yayılması və s. istiqamətlər üzrə işləri əhatə edir.

Xüsusilə, layihəyə aşağıdakı komponentlər daxildir:

• Arxivlərdə müvafiq araşdırmaların aparılması və Azərbaycanda və xaricdə 50-dən çox müsahibənin aparılması;
• Kitabın ingilis dilində yazılması;
• Kitabın Azərbaycan, türk və rus dillərinə tərcüməsi;
• Kitabın 6000 ədəddən çox sayda xüsusi hədiyyəli sərt üzlü (VIP), standart sərt və yumşaq üz qabığı formatlarında nəşri;
• Kitabın elektron versiyasının PDF, EPUB, MOBI, KINDLE formatlarında nəşri;
• Arxiv sənədlərinin, müsahibələrin videoyazılarının, interaktiv xəritələrin və digər rəqəmsal məzmunun mövcud olacağı, linklər, QR kodlar, heşteqlər, daxil edilmiş məzmunlar vasitəsilə kitabın elektron və çap nəşrləri ilə əlaqələndiriləcək internet platformasının yaradılması;
• Bakıda və xaricdə kitab təqdimatlarının keçirilməsi;
• Sosial şəbəkələrdə və axtarış xidmətlərində genişmiqyaslı kampaniyanın aparılması", - məlumatda qeyd olunur.

Məlumata görə, layihənin təşəbbüskarı və müəllifi Azərbaycan və Ermənistan-Azərbaycan münaqişəsi həqiqətləri ilə yaxından tanış olan britaniyalı müəllif Qrem Vilsondur.

"Kitabın yaradılması üzrə işlərə başlamaq üçün bu kompleks layihənin təşəbbüskarı və müəllifi kimi çıxış edən Q.Vilsonun rəhbərlik etdiyi “Media Prima Advertising” şirkəti ilə müqavilə bağlanmışdır. Müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq, xidmətlərin göstərilməsinin bir mənbə üsulu ilə bağlanıb (kitabın yazılması və yayılması üzrə təcili zərurəti və bu layihə üzrə müəllif hüquqlarının Media Prima şirkətinə məxsus olduğunu nəzərə alaraq). Daha ətraflı məlumat etender.gov.az saytında əldə oluna bilər.

“Media Prima Advertising” şirkəti başqa ölkənin rezidenti olduğu üçün müqavilənin yuxarıda göstərilən işlərdən əlavə, müqavilənin dəyərinə (1.178.672,00 AZN) əlavə dəyər vergisi (18%) və ödəmə vergisi (10%) daxildir.

Qarabağ Dirçəliş Fondu bütövlükdə “Qarabağın səsi” kommunikasiya strategiyasının, eləcə də onun ayrı-ayrı komponentlərinin həyata keçirilməsi üzrə işlərin gedişatı barədə ictimaiyyətə məlumat verəcək", - Fond vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top