"Təmizlik işləri aparılarkən həmin əraziyə xüsusi xəbərdaredici işıqqaytarıcı nişanlar qoyulmalıdır" — AÇIQLAMA

SOSİAL 31 okt 2023, 14:45
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sürücülərə müraciət edib.

Demokrat.az
xəbər verir ki, müraciətdə sürücülərdən paxtaxt ərazisindəki yollarda kommunal-təsərrüfat sahəsində çalışan işçilərə qarşı son dərəcə diqqətli olmaq xahiş edilib.   

“Paytaxt ərazisində kommunal-təsərrüfat sahəsində çalışan işçilərin günün müxtəlif saatlarında yollarda xidmət etməsini nəzərə alıb hər bir sürücüdən son dərəcə diqqətli olmağı və bu sahədə olan əməkdaşların, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində, hərəkət sürəti yüksək olan yollarda xidmətlərini nəzərə almağı xahiş edirik. Təbii ki, bütün piyadaların yol hərəkətinin təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etməsi həyati əhəmiyyətli və vacibdir. Lakin unutmaq lazım deyil ki, piyadaların təhlükəsizliyə ciddi şəkildə riayət etməsi ilə yanaşı, sürücülərin də hərəkət iştirakçılarına münasibəti son dərəcə diqqətli olmalıdır. Kommunal sahədə çalışan əməkdaşların avtomobil işığını əks etdirən xüsusi geyim forması və nişanlarla təchiz olunmasına baxmayaraq, müəyyən sürücülərin diqqətsizliyi bəzən xoşagəlməz ağır hadisələri də qaçılmaz edir. İlk öncə, paytaxtın mühitinə, relyefinə düzgün yanaşmağı, ətraf mühiti çirkləndirməməyi, kommunal sahədə çalışan əməkdaşların əziyyətini artıran hərəkətlərə yol verməməyi və yollarda bu növ xidməti göstərən şəxslərə qarşı diqqətli olmağı xahiş edirik”, müraciətdə bildirilir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov yollarda kommunal-təsərrüfat sahəsində çalışan işçilərin təhlükəsizliyi ilə bağlı qaydalar haqqında Demokrat.az-a açıqlama verib:

“Avtomobil yollarında, küçə və səkilərdə təmizlik işləri aparan hər bir işçinin xüsusi işıqqaytarıcı geyimləri olmalıdır. Təmizlik işləri ilə məşğul olan şəxslərə hansı saatlarda, hansı vəziyyətdə və necə təmizlik işləri apara biləcəklərinə dair təhlükəsizlik reqlamenti izah olunmalıdır. Yəqin ki, bu qaydalar və reqlament mövcuddur. Yaxşı olar ki, bununla bağlı ictimaiyyətə məlumat verilsin. Sadəcə təmizlik işçiləri deyil, sürücülər və digər vətəndaşlar da bu barədə məlumatlı olmalıdırlar. Avtomobil yollarında hər hansı təmir-tikinti və ya təmizlik işləri aparılarkən mütləq qaydada həmin əraziyə xüsusi xəbərdaredici işıqqaytarıcı nişanlar qoyulmalıdır”. 

Xatırladaq ki, oktyabrın 30-u səhər saatlarında paytaxtın Suraxanı rayonu Ramana qəsəbəsi Samir Əliyev küçəsində kommunal idarənin əməkdaşını avtomobil vurub.
Sürücü İlkin Vüqar oğlu Şirinov idarə etdiyi “Fiat Doblo” markalı “99-CK-457” dövlət nömrə nişanlı avtomobillə yol kənarında təmizlik işləri görən Tovuz rayonu Lazılar kənd sakini 10.12.1969-cu il təvəllüdlü Pəri Müseyib qızı Məmmədovanı vurub. Qəza nəticəsində ağır xəsarət alan təmizlik işçisi vəfat edib.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top