“Quranın yandırılmasına icazə verən ölkələr öz altına bomba qoymuş olur” — AÇIQLAMA

GÜNDƏM 03 avq 2023, 12:07
Son aylar Avropada Quranın yandırılması halları geniş vüsət alıb. İsveç və Danimarkada Quranın yandırılması nəinki səs-küylü aksiyalarda böyük “şövq”lə, can-fəşanlıqla həyata keçirilir, hətta buna hökumətlər səviyyəsində icazə verilir, qarşısının alınması üçün tədbir görülmür. Beynəlxalq təşkilatlar da bu məsələdə susmağa üstünlük verir, İslamın müqəddəs kitabının təhqir olunması ilə müsəlmanlara qarşı olan bu ideoloji təzyiqlərə heç bir reaksiya vermir. 

“Bu, Avropada əsrlərdən bəri davam edən islamofobiyanın təzahürüdür. Avropa ölkələri istər mütləq monarxiya, istər respublika quruluşu dövründə hər zaman İslama, müsəlmanlara qarşı hücumları davam etdirib. Qılınc, nizə ilə başlayan səlib yürüşlərini sonralar kolonial siyasət əvəz etdi. İndi də bu, ideoloji müstəvidə davam etməkdədir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında bildirən politoloq Əhəd Məmmədlinin sözlərinə görə demokratiyanın beşiyi sayılan Avropada bu cür hadisələrin baş verməsi təəssüf doğurur.

“İsveçdə Tövratla bağlı da eyni addımı atmaq istəmişdilər, amma onun yandırılmasına icazə verilməmişdi. Biz müsəlmanlar müqəddəs saydığımız bütün kitablara qarşı bu cür hərəkətlərin əleyhinəyik. Amma Avropada nə hökumətlər, nə də din xadimləri buna etiraz edir. Hətta ən geridə qalmış müsəlman ölkəsində buddistlərin kitabının yandırıldığını belə görə bilmərik.  Müsəlmanların mədəniyyəti başqa xəmirdən yoğurulub”. 

Politoloq qeyd edib ki, müsəlman ölkələri BMT-də bu məsələni qaldırmalıdırlar. Lakin əfsuslar olsun ki, onun sıralarında həqiqətən müstəqil siyasət yeridən müsəlman ölkələrinin sayı barmaqla sayılacaq qədərdir.


“BMT-nin beş həmsədri var, onlar da müsəlman ölkələri deyil. Həmin ölkələrin özündə tarix boyu müsəlmanlar xor görülüb, dövlət səviyyəsində onlara qarşı amansız siyasət yürüdülüb. Çində uyğur türkləri assimilyasiya edilir, milli, dini kimlik zəminində onlara təzyiqlər olur, inanclarını yaşamağa imkan verilmir. Amerika Birləşmiş Ştatlarının özü elə bir müsəlman ölkəsi yoxdur ki, oradakı savaşlarda əli olmasın, hərbi əməliyyatlar keçirib, bombalamasın. Fransa - əsrlərdir Afrika ölkələrində zorakılıqla, talançılıqla məşğuldur. Və ya Rusiya – özü yaxın zamanlarda daxilindəki çeçenlərə qarşı soyqırımı edib. Britaniya vaxtilə Hindistanda müstəmləkə siyasətilə məşğul olub, müsəlmanların qanını içib. BMT kimi beynəlxalq təşkilatlar üçün bu məsələ maraqlı deyil”. 

Avropada ksenofobiya, islamofobiya  fonunda Quranın yandırılması davam edərsə, mənfi siyasi nəticələrə səbəb ola bilərmi? 

Siyasi şərhçi Əhəd Məmmədlinin fikrincə irqçilik davam edərsə, bu, sivilizasiyalar arasındakı qarşıdurmanı artıracaq.  

“11 sentyabr hadisələrindən sonra sivilizasiyalararası qarşıdurmalar meydana gəldi. Qərbin özündə milliyyətçi partiyaların mövqeyi möhkəmlənir. Fikrimcə, bu partiyalar gücləndikcə qarşıdurmalar daha da artacaq. Məsələn, Fransada ərəb yeniyetmənin öldürülməsi – hökumət bundan nə xeyir əldə etdi?! 

Avropada xeyli müsəlman mühacir var, vətəndaşlıq almış müsəlmanlar var. Orada məscidlərin sayı çoxalır, məsələn, İngiltərədə kilsələr məscidlərə çevrilir, çünki kilsəyə gedən azdır. Quranın yandırılması, müsəlmanlara qarşı ayrıseçkilik Avropa üçün yaxşı nəsə vəd etmir. Bununla o, öz altına bomba qoymuş olur”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top